Şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub

14:09 29 Aprel 2024

Türkiyənin Azərbaycandakı Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən növbəti Qurani-Kərim ziyafəti təşkil olunub.

Sitat.info xəbər verir ki, Səfirliyin din xidmətləri müşaviri İhsan Açık “Quran” ziyafətinin şəhidlərə vəfa borcu, onları unutmadığımızın göstəricisi olduğunu qeyd edib. O, Tükiyədən gələn qonaqları, şəhid və qazi ailələrini salamlayıb, ay ərzində 425 xətm oxunduğunu bildirib. Natiq Qafqaz İslam Ordusu, Qarabağ, Xocalı, 20 Yanvar, 44 günlük Vətən Müharibəsi şəhidlərini, vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün şəhidləri yad edib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə bildirib ki, şəhidlər bizim qürur mənbəyimizdir. Onları anmaq, yad etmək borcumuzdur.

Diyanət İşləri Başqanlığının Başqan müşaviri, Türkiyə Diyanət Vəqfinin Mütəvəlli Heyət üzvü dosent Fatih Kurt şəhidlik zirvəsinin aliliyindən danışıb. O, Şəhidlər xiyabanını ziyarət edərkən Çanaqqala ruhunun burada da yaşandığını gördüyünü qeyd edib.

Daha sonra  Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə bölgə qazısı, Əjdərbəy məscidinin imamı Azər Nafiyev, Heydər məscidinin imamı Rza Rzayev, Nərimanov rayonu Cümə məscidinin imamı Araz Abdullayev və Sadiq Ramizoğlu öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə öz töhfələrini veriblər.

Tədbirin sonunda məşhur qarilər tərəfindən sala və ilahilər oxunub, tədbir iştirakçılarına ehsan süfrəsi açılıb.

q1

q2



Xəbər xətti