Bu yolda maşınların hərəkəti qadağan ediləcək- 15 oktyabrdan
Oktyabrın 15-dən Qoşa Qala meydanında nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan ediləcək və ərazi piyadaların istifadəsinə veriləcək.
Sitat.info xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilib ki, dəyişikliklər sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin azaldılması, Qoşa Qala meydanında mobilliyin və təhlükəsizliyin artırılması məqsədilə həyata keçiriləcək.
Yeni sxemə əsasən, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Həmin istiqamətdə hərəkət M.Ə.Sabir küçəsinə yönləndiriləcək. Bu küçə ilə hərəkət edən nəqliyyat vasitələri sağa dönərkən Qoşa Qala qapıları çıxışına, sola dönərkən isə Kiçik Qala küçəsinə istiqamətləndiriləcək.
Səftər Quliyev, Qüllə və Böyük Qala küçələrində yaşayan sakinlərə aid nəqliyyat vasitələrinin Neftçilər prospektindən qoruq ərazisinə girişi isə Səftər Quliyev küçəsindəki birtərəfli giriş vasitəsilə həyata keçiriləcək.
Qeyd olunub ki, bu tədbirlər sakinlərin yaşayış ünvanlarına daha qısa və rahat marşrutla çatmasına, həmçinin Vəli Məmmədov küçəsindəki əsas girişdə nəqliyyat axınının optimallaşdırılmasına imkan verəcək.
İdarə sözügedən küçələrdə yaşayan sakinlərdən oktyabrın 15-dən qoruq ərazisinə daxil olmaq üçün Səftər Quliyev küçəsindəki girişdən istifadə etmələrini xahiş edib.