"2020-ci ildən üzü bəri Azərbaycanın atdığı addımlar, ərazi bütövlüyü və suverenliyimizin bərpası Rusiyanı bölgəmizdə zəifləməsinin təmılini qoydu. 2023-cü il sentyabr anti-terror əməliyyatı isə bu prosesi dəfələrlə sürətləndirdi. Rusiya “sülhməramlılarının” ölkəmizi tərk etməsi, bunun ardınca Kremlin Paşinyana hədiyyə kimi öz sərhədçilərinin İrəvan hava limanından və 2021-ci ildə Azərbaycan sərhəddinə yığdığı əsgərlərini geri çəkməsi Kreml adına zəiflik göstəricisidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Ukraynada davam edən müharibənin yaratdığı şərait fonunda Rusiya bu addımları atmağa məcburdur: "Moskva nədən bu addımları atır, və ya atmağa məcbur qalıb?! Sualın əsas cavabı, təbii ki, Rusiyanın Ukraynaya təcavüzü, bu müharibənin 2 il 3 ay davam etməsidir. Kremlin özü, hətta istənilən beynəlxalq “beyin mərkəzi”, istənilən ölkə Ukraynanın bu qədər davam gətirəcəyinə inanmırdı, bütün hesablar daha qısa müddət üçün hazırlanmışdı – amma hesablar tutmadı. Kəskin şəkildə artan beynəlxalq qarşıdurma Rusiyanı yaxın “dost ölkə” axtarışından, “heç olmasa düşmən olmayan ölkələr”, modelinə keçməyə məcbur buraxdı. Bu gün Qazaxıstan, Qırğızıstan belə Rusiyanın “MİR” bank kartlarını bloklayır, Qərb ölkələri ilə açıq dialoq qurub stateji sənədlər imzalayırlar. Bütün bunlar 5 il əvvəl mümkünsüz idi – bu gün Rusiyanın durumu artıq başqa reallıqlar diktə edir".
N.Cəfərli hesab edir ki, amma bu bizi, Şimal Ayının qonşularını arxayınlaşdırmamalıdır: "Kreml yeni stateji yola baş vurub, Ukrayna məsələsini nömrə 1 elan edib, bütün güc və enerjisini bu müharibədə məğlub olmamağa, əldə etdiyini isə stateji qalibiyyət kimi təqdim etməyə köklənib. Bunun fonunda da Qərblə yeni təhlükəsizlik anlaşmasına gedə bilsə, yəni, yeni “Yalta-Potsdam” kimi bir anlaşma olsa, Rusiya keçmiş post-sovet məkanına daha azğın şəkildə dönəcək. Yəni, Kreml düşünür ki, Ukraynada uğur qazansa, nə Ermənistan, nə Orta Asiya heç yerə gedən deyil, özləri daha yaxın olmaq üçün növbəyə düzüləcəklər".
Ekspertin fikrincə, bu mənada Azərbaycanın durumu, şükür ki, daha yaxşı və fərqlidir: "Qardaş Türkiyə ilə bağlanmış stateji İttifaq, Şuşa Bəyannaməsi, həmin sənədin qarşılıqlı müdafiə öhdəliyi bizim üçün çox yaxşı bir “qalxan” rolunu oynaya bilər.
Bu gün Gürcüstanın, Ermənistanın, Orta Asiya Respublikalarının yeni təhlükəsizlik “çətiri” axtarışları, həm də indiki qeyri-müəyyənliklə bağlıdır. Ukrayna tam qalib gələ bilməsə də, ən azı uduzmamalıdır ki, Kremlin iştahı qabarmasın...".
Məğrur,
Sitat.info