Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib - FOTO

11:42 20 May 2024

Azərbaycanlı fotoqraf Valeh Arifoğlu dünya üzrə nüfuzlu fotoqrafiya təşkilatı olan Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) rəsmi üzvlüyünə qəbul edilib. 

Sitat.info xəbər verir ki, bu barədə Valeh Arifoğlu sosial şəbəkə hesabında məlumat verib.

"Əziz dostlar, sizlə növbəti uğurumu paylaşmaq istəyirəm. Uzun müddətdir bu sahədə peşəkar olaraq fəaliyyət göstərirəm. Bu da əməyimin növbəti nəticəsi - artıq Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) rəsmi üzvüyəm. Foto sənətində böyük zirvələrdən birini fəth etdim", - deyə fotoqraf paylaşımında qeyd edib. 

Qeyd edək ki, Valeh Arifoğlu 2012-ci ildən fotoqraf kimi fəaliyyət göstərir. O, hazırda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu olan Aqroservis ASC-nin əməkdaşıdır.

Beynəlxalq Foto Sənəti Federasiyası isə 1946-cı ildə yaranıb və dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Yüzdən artıq ölkənin foto təşkilatlarını bir yerə toplayan FIAP, hazırda dünyanın ən böyük və nüfuzlu foto təşkilatı hesab olunur. Bu qurumun üzvlüyünə qəbul edilmiş federasiya və klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür.




Xəbər xətti