Kərə yağı 20 manata çatdı və ötdü... Marketlərdə onsuz da gözümüzlə görürük, ancaq artıq rəsmi xəbərlər bahalaşmanı təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.
Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının qiyməti 2,3 faiz bahalaşıb. Əgər yanvar ayında idxal kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 19,53 manat idisə, may ayında bu rəqəm 19,79 manat olub. Bu da 1,3 faiz artım deməkdir. Səbəb isə kərə yağı və digər süd məhsullarında ölkəmizin idxaldan asılı olması və istehsalçı ölkələrdə iqlim dəyişikliyi səbəbindən heyvandarlıqda yaşanan problemlərdir.
Əsas məqamlardan biri də odur ki, əksər yerli şirkətlərin istehsal etdikləri kərə yağının da xammalı kəndlidən alınmır, xaricdən quru süd şəklində idxal olunur və bu da dolayısı ilə yenə də qiymətlərin xarici mənbələrdən asılılığı deməkdir.
Azərbaycan kərə yağını Rusiya, Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir. Ölkəmizdə illər öncə örüş-otlaq sahələrinin fermerlərdən alınaraq pambıq əkini üçün ayrılması, heyvandarlığın yem bazasının azalması və yem sənayesinin olmaması kəndlinin əlini bu işdən soyudan əsas səbəblərdir.
Görəsən pambıq ixracından qazancımız daha çoxdur, yoxsa ət, kərə yağı və digər süd məhsullarının idxalına xərclədiyimiz valyuta? Təxmini rüblük hesablama apardım, demək olar ki, bərabərdir. Hələ bura diri heyvanlar daxil deyil. Məlum olduğu kimi, diri heyvanlar daha çox Gürcüstan bazarından gətirilir və bizim qəssaba ödədiyimiz pulun 15-20 faizi alverçilərə qalır, qalan hissəsi isə gürcü kəndlisinə çatdır.
Bəs o zaman ət-pambıq əvəzləməsinin məntiqi nə idi?
Burada həssas odur ki, ət və yağ bizim ərzaq təhlükəsizliyimizdir. Pambıq qeyri-neft iqtisadiyyatında təxminən 8-9 faiz yer tutsa da, xammal şəklində satılır və biz onu geyim şəklində 4-5 qat bahasına geri alırıq.
Qeyri-neft ixracınını artırmaq üçün ənənəvi kənd təsərrüfatını qurban vermək əvəzinə, idxalın əvəzlənməsinə çalışmaq daha uğurlu variant olar. Xüsusən ərzaq məhsulları, gündəlik tələbat məhsulları ilə bağlı...
Örüş sahələrində pambıq əkiləndə ət və yağın 20 manatı ötəcəyini yazırdıq. Yağ gəldi o qiymətə çatdı, ət də gündən-günə bahalaşır.
Çıxış yolu nədir, ət və yağın ziyanlarından danışmaq?
Gec olmadan bölgələrdə məmur biznesini məhdudlaşdırıb, kəndliləri örüş-otlaq sahələri, su məbnbələri ilə təmin edib heyvandarlığı gücləndirmək lazımdır. İşğaldan azad olunan torpaqlarımız da bu istiqamətdə əlavə imkanlar yaradır, ancaq əsas məqsəd bölgələrdən qazanc dalınca Bakıya köç etmiş insanları bölgələrə qaytarmaq və onları ənənəvi kənd təsərrüfatı fəaliyyətinə həvəsləndirmək lazımdır. Dövlətin təşviq proqramları müəyyən həcmdə vəsait tələb etsə belə, heyvandarlıq elə bir sahədir ki, qısa müddətdə nəticəsini əldə etmək mümkündür. İdxaldan asılılığın azalması və xaricə valyuta axınının məhdudlaşdırılması hökumətin təşviq proqramlarına xərclədiyi vəsaitin kompensasiyasına yetərli olacaq.
Maliyyə mənbəyi də, həvəsli fermerlər və münbit torpaqlar da tapmaq olar, bunlar çətin məsələ deyil. Çətin olan bu prosesin doğru kadrların idarəetməsinə verilməsi, bölgələri məmur biznesmenlərin "işğalından" xilas edilməsi üçün iradənin olmasıdır.
Nərgiz Liftiyeva,
Sitat.info