Qohum evliliklərinin qadağan edilməsi bəlkə də əksər gənclərin ürəyincə oldu. Çünki çox zaman bu gənclərin sevgisi üzərindən deyil, valideynlərin arzusu üzərindən olurdu. Hətta gəncləri sevdiklərindən ayırıb qohumla evləndirən ailələr də az olmurdu. Nəticədə xoşbəxt olmayan ailələr, mübahisələr, məcburi davam etdirilən ailə birlikləri və ya boşanmalar zamanı bir-birinə düşmən olan qohumlar... Nadir hallarda bir yerdə böyüyən və ya eyni baba-nənə ocağının uşaqları olan gənclər böyüyəndə bir-birini sevir və evlənmək qərarında gəlirlər. Əksər hallarda valideynlər bunu ailəyə yad gəlməsin, miras özgəyə qalmasın, ən əxlaqlı bizim nəslin qızlarıdır kimi düşüncələrlə edirlər.
Deyə bilərsiniz ki, boşanmaların evlilikləri yarıbayarı izlədiyi halda niyə evliliyə əngəl qoyulur? Boşanmaların qarşısını almaq üçün ilk növbədə uğursuz evliliklərin qarşısını almaq lazımdır!
Məsələn erkən nigahlar, valideyn arzusu ilə bağlanan qohum nigahları, var-dövlətə, komforta görə kəskin yaş fərqi ilə qurulan ailələr , tanışlıq, nişan və toyun iki ayın ərzində olduğu qaçaraq evliliklər və sair...
Bəlkə də qadağanın neqativ nəticələri də olacaq, qeyri-rəsmi ailələr qurulacaq, nigahsız birlikdəliklərdən uşaqlar doğulacaq və sair... Amma böyük ölçüdə qarşısını alacaq və bir-iki nəsil dəyişdikdən sonra normaya çevriləcək, toplumun şüuraltından qohum evliliyi silinəcək.
Dinimiz qadağan etmir məsələsinə gəlincə, dövr dəyişdikcə təbii ki, yeni qadağalar meydana çıxa bilər. Dinimiz qırmızı işıqda keçməyi də qadağan etmir, amma sivilizasiya inkişaf etdikcə, yeni qaydalara ehtiyac yarana bilər.
70-80 il əvvəl insanlar yaşadıqları kənddən ömürboyu ya çıxmırdılar, ya da 1-2 dəfə çıxırdılar. Bizim bölgədə Bakıya gedi-gələnlər xaricə getmiş kimi idi. İnsanlar kiçik toplumlarda yaşayırdı, milyonlar bir şəhərdə toplanmamışdı, cəmiyyət qaynaşmamışdı. Eyni zamanda bu qədər qeyri-rəsmi münasibətlər yaşanmırdı, genetik və yoluxucu xəstəliklər bu qədər artmamışdı.
Tibb qohum evliliklərinin neqativ tərəfini təsdiq edirsə, hətta minlərlə nümunələr də varsa, belə bir risk almaq nə məcburdur. Artıq insanlar yalnız özü və qohumları haqqında yaxşı düşünüb, başqaları haqqında nagüman olmaqdan qaçmalıdır. Önəmli olan tanımaqdır, tərəf müqabilini tanımaq və evliliyə qədər olan prosesdə cütlüyə zaman tanımaq...
Əlbəttə daha böyük problemlərimiz də var, əlbəttə bu problemi kökündən çözmür. Ancaq ilk addımlardan biridir.
Onu da vurğulamadan keçməyək ki, təkcə qohum evlilikləri deyil, həm də milli və dini əxlaqımıza uyğun gəlməyən həyat tərzi də genetik xəstəlikləri sürətlə artmasına gətirib çıxarır. Ciddi problemlərdən biri sonsuzluq hallarında süni mayalanma zamanı donorun anonim saxlanılmasıdır. Eyni toplumda bir-birindən xəbərsiz böyüyən minlərlə bacı-qardaş olduğunu düşünsək, 15-20 il sonra bunun yaradacağı problemləri təsəvvür etmək belə dəhşətdir.
Ailə institutumuzu, genefondumuzu təhdid edən bütün hallar müzakirə edilib aradan qaldırılmalıdır və cəmiyyət olaraq bu məsələdə stereotipləri qırmaq lazımdırsa, qırmalıyıq.
Nərgiz Liftiyeva,
Sitat.info