Bakı artıq yaşanmaz şəhərə çevrilib, bölgələrə yol açın, cənablar! - Nərgiz Liftiyeva yazır...

14:40 1 İyul 2024

Şənbə-bazar, gecə -gündüz demədən çalışan, fədakat Tarif Şurası üzvləri ötən gün istirahətdən idarəyə dönərək, bir çox qiymətləri dəyişdiriblər, amma nə hikmətdirsə dəyişikliklər artan xətt üzrə olub. 

İctimai nəqliyyatda şəhərdaxili, Bakıətrafı, eləcə də bölgələrə gediş haqları artrılıb. Metroda və ictimai nəqliyyatda gedişlər 50 qəpiyə qalxıb ki, bu da 25 faiz artım deməkdir. 

Avtomobili olanlar da bu artımdan kənarda saxlanılmayıb. Belə ki, Aİ 92 və dizelin qiyməti qalxıb. Özəlliklə kənd təsərrüfatı məhsullarının istehsalında və daşınmasından əsas rol oynayan dizelin 25 faiz bahalaşması, yayın ilk ayı geridə qalmasına rəğmən ucuzlaşmayam mövsümi məhsulların daha da bahalaşacağı anlamına gəlir. 

Növbədə  kommunal xidmətlərin bahalaşmasıdır.... Bundan öncə, taksi xidməti ilə bağlı çox ciddi dəyişikliklər edildi. Nəticədə minlərlə taksi sürücüsü işsiz qaldı, eyni zamanda taksi qiymətləri kəskin bahalaşdı. Yanacağın bahalaşması bir daha bu qiymət artımını tətikləyəək. 

Bu isə o deməkdir ki, Bakı artıq yaşanmaz bir şəhərə çevrilir. Minlərlə taksi sürücüsü işsiz qalıb. İşləyənlərin əksəriyyəti 350-500 manat civarında maaş alır. İnsanlar günün 12-15 saatını işdə+yollarda keçirirlər. Üstəgəl əhalinin çox az qismi imkanlı təbəqəyə aiddir. Orta təbəqənin o qədər də çoxluq olmadığı ölkəmizdə, əksəriyyət aztəminatlıq təbəqəyə aiddir. Bahalaşma da məhz bu kateqoriyaya təsir edəcək. Üstəgəl yanacağın qiymətindən dolayı, tədricən gedən bahalaşmanın indi daha sərt dalğası başladı.

Böyük bir işsizlər və ölməyəcək qədər maaş alanlar kütləsi var. Evsizləri və iş dalınca evlərindən didərgin düşənləri də bu siyahıya əlavə edə bilərik. Mərkəzdə kirayə qiymətləri 500-1000 manat civarında, Bakı ətrafında isə 300-400 manat civarındadır.

Hər tərəfdən yollar bağlanıb, amma bir humanitar dəhliz açmaq lazımdır. Humanitar dəhliz deyərkən, bölgələri inkişaf etdirib, infrastrukturu düzəldib, zavod-fabriklər açıb insanları torpağa geri qaytarmaq lazımdır. Yoxsa bu beton şəhərdə bir içim su, bir parça çörək tapmaq çətin olacaq. 

Zatən hökumətin də məqsədlərindən biri Bakını seyrəltmək, sıxlığı azaltmaqdır. Ancaq insanlara gedin əkin-becərin demək də olmaz. Təhsil zəif, səhiyyə sıfır, yollar və infrastruktur yetərsiz, ən önəmlisi isə iş yerləri yoxdur. Su qıtlığı kəndlilər üçün ciddi sınağa çevrilib. Dİgər tərəfdən mədəni inkişaf da gənclərin bölgələrdən köçməməsi üçün önəmlidir. 

Əks halda bu qədər yoxsul və ümidsiz insanın Bakıda cəmləşməsi kriminal halların, intiharların sayını artıra bilər, İqtisadi baxımdan ciddi zərurət olmadan artım qərar verərkən bunun mümkün nəticələrini hesablamaq üçün heç də ciddi iqtisadi-sosioloji biliklərə sahib olmaq lazım deyil. 

Nərgiz Liftiyeva,

Sitat.info

 



Xəbər xətti