Hər situasiyada "Problem yoxdur" deməyin sirri: Əli və anası bunu necə bacardı?

14:14 5 Avqust 2024

Dünən dəyərli qardaşımız, rejissor Elçin Ağazadə "Problem yoxdur" sənədli filminin təqdimatında iştirak etdik. Sadə bir ekran əsəri olan bu film o qədər dərin mənaları özündə əks etdirirdi ki, həqiqətən mənəvi zövq aldıq.

Mənim diqqətimi çəkən əsas məqam filmin qəhrəmanı, fiziki məhdudiyyəti olan Əli adlı gəncin özünəinamı, özünə verdiyi dəyər oldu. Qarşılaşdığı hər bir situasiyada "problem yoxdur" deməyi bacarır.

Bunun sirri bilirinizmi nədədir? Birmənalı cavab verirəm- ailəsindən aldığı sevgidə...

Aydındır ki, çox böyük sevgi ilə əhatə olunub, ailəsində çox sevilib, təqdir edilib. O qədər mehriban, xoş simalı bir anası var ki, oğluna baxanda üzü gülür, onu bir dərd kimi yox, nemət kimi görür. Əlinin bir qram kompleksi yoxdur, kamera qarşısında da özüdür, olduğu kimidir. Çünki valideynləri onu o cür bəyənirlər, sevirlər, inanırlar. Dünən o səhnədə bir neçə dəfə o ananın əli öpüldü. Həqiqətən 40 dəqiqəyə sığan 38 ilin müəllifi bu qadın idi.

Bu gün insanların bir çoxu sevgi yoxsulluğundan əziyyət çəkir, fiziki tamdırlar, amma ruhları məhdudiyyətlidir. Bu insanlar özü ilə barışa bilmir, daim özünü sübut etmək məcburiyyətində hiss edir, daim bir rəqabət halındadırlar. Öz həyatlarını da zəhər edirlər, ətrafdakıların da... Övladlarınıza, ailə çətirinizin altına sığdırdığınız insanlara bol-bol sevgi verin. Həm o sevgi zatən sizə dönəcək, həm də cəmiyyəti xilas etmiş olacaqsınız.

Təqdir etmək, təşəkkür etmək də sevgi qədər önəmlidir. Uşaq -böyük fərq etmək, insanlar bəzən əzizlənmək yox, təqdir edilmək istəyir, bəzən təşəkkür almaq istəyir.

Ailədə sevgi görməyən, təqdir edilməyən övlad, evləndikdən sonra qarşısındakı adamdan sevgi görməyən qadın və ya kişi daim əksik qalır, daim o boşluğu doldurmaq üçün yanlış addımlar atır. İnsanların baxımda, geyimdə, bəzənmədə əndazəni aşmasının da səbəbi budur. Sevilmək ehtiyacı -halbuki sevgi özünü göstərməklə , gözü ayağının altını görməməklə qazanılmır, özünün ən yaxşı olduğunu sübuta çalışmaqla olmur. Əksinə ətrafını görə bilmək, dəyər vermək, onlardan biri olmağa çalışmaq insanı sevdirir.

Əgər sizdən asılı olmayan səbəbdən sevgisiz bir mühitdəsinizsə, bilin ki, Allah sizi sevərək yaradıb, bu sizə yetər. Əlinin dediyi kimi, varsınızsa, bu Allah sizi sevdiyi üçündür. yəni varlığınız yetərlidir. Bu da asan məsələ deyil ha - insan kimi var olmaq...

P.S. Film mərhum ilahiyyatçımız Hacı Şahin Həsənlinin “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin dəstəyi ilə çəkilib. Hacı aramızda olmasa da, missiyası davam edir....

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti