Oteldə insident törədən qız HƏBS OLUNDU
Sumqayıtda oteldə insident törədən qadın həbs olunub. Sitat.info “lent.az”a istinadla xəbər verir ki, hadisə Sahil küçəsində yerləşən “Everest” otelində qeydə alınıb. 23 yaşlı Minayə Abbasova (şərti adla) səhər saat 05:37-də oteldə sərxoş halda rəfiqəsi ilə birgə ucadan nalayiq ifadələr işlədib. Bu barədə daxil olan məlumat əsasında polis əməkdaşları sözügedən ünvana gediblər. Polislər Minayənin sərxoş halda uca səslə söyüşlər söydüyünə şahid olublar. Ondan əməlini dayandırması tələb olunsa da, Minayə qanuni tələb məhəl qoymayıb. Nəticədə o saxlanılaraq, şöbəyə aparılıb. Burada onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
M. Abbasova bildirib ki, internetdə bir şəxslə tanış olub. Həmin şəxs onu içki içməyə çağırıb və o da rəfiqəsini də götürərək görüşə gedib. Əsəbdən müalicə alır. Görüş zamanı da xeyli içib sərxoş olub. Buna görə də olan hadisələri xatırlamır. Onun sözlərinə görə, oteldə olarkən oğlanlar tərəfindən başqa təkliflər aldığı üçün səs-küy salaraq, nalayiq ifadələr işlədib.
O, əməlindən peşman olduğunu deyərək, barəsində ən yüngül cəzanın verilməsini istəyib. Məhkəmə onun barəsində 8 gün müddətinə inzibati həbs qərarı verib.