Paris-2024 Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə üzgüçülük yarışlarının finalında kuryoz hadisə baş verib.
Sitat/info əbər verir ki, bu barədə “Ynetnews” məlumat yayıb.
Bildirilib ki, israilli idmançı Anastasiya Qorbenko olimpiadanın finalını Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkil etdiyi şam yeməyinə görə qaçırıb.
Belə ki, Qorbenko yarımfinalda ən yaxşı 9-cu nəticəni göstərib və final üçün ilk ehtiyat idmançı olub. Avstraliyalı Ella Ramzi xəstələndiyi üçün həlledici mərhələdən kənarda qalıb və onu israilli üzgüçü əvəzləməli idi.
Lakin Anastasiya Qorbenko bundan yalnız finalın startına 25 dəqiqə qalmış xəbər tutub. Həmin vaxt BOK-un təşkil etdiyi şam yeməyində olan Qorbenko beləcə finaldan kənarda qalıb.
Digər bir məlumata görə, Anastasiya bundan əvvəl avadanlığını arenanın gözləmə zalında qoymalı olub-olmayacağını soruşsa da, onun iştirakına ehtiyac olmayacağına əmin ediblər.
İkinci ehtiyat üzgüçü də vaxtında çata bilmədiyi üçün final yarışında yeddi idmançı iştirak edib və kanadalı üzgüçü qələbə qazanıb.