"Ünvanlı sosial yardımda bu qədər bürokratiya olduğuna görə..." Partiya sədri nazirliyi sərt tənqid etdi

17:15 1 Fevral 2022

“Ünvanlı sosial yardım və ya digər yardım paketlərinin alınması şərtləri sadələşdirilməlidir. Şərtlər daha sadə və daha əlçatan, verilən məbləğ də daha praktik olmalıdır, simvolik olmamalıdır. İndi dövlətdən hansısa yardım almaq üçün, birinci iş yeri olmalıdır, sonra gəlib evinə, şəraitinə baxmalıdırlar, adında heç nə olmamalıdır. Şərtlərdən biri budur ki, maşının varsa, yardım düşmür. Maşın XXI əsrdə dünyada komfortlu həyatın, lüksün göstəricisi deyil. Kimsə maşınını nə vaxtsa alıb, indi isə maddi vəziyyəti yaxşı deyil. O nə etməlidir? Və ya mal - qaranın olması imtina üçün səbəb deyil”.

Bu sözləri Ağ Partiya sədri Tural Abbaslı SİTAT.İNFO-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, ünvanlı sosial yardımın verilməsində bu qədər bürokratiyanın olmasına görə adətən məmurlar bu vəsaitləri mənimsəyirlər: “Heç vətəndaşların çoxunun bu yardımlar barədə anlayışları yoxdur, maarifləndirmə də aparılmır. İşsizliklə bağlı təzminat məsələsində də bürokratiya çoxdur. Sms göndərməlisən, qeydiyyatdan keçməlisən və sair. Elə bil dövlət qurumu ayrılmış maliyyənin ünvanına çatmasında maraqlı deyil. Ona görə də, icra hakimiyyətləri ünvanlı sosial yardımları mənimsəyirlər. Kiminsə 6 ayını alırlar, kimlərinsə kartını ciblərinə qoyurlar. Digər subsidiyaları da eynilə mənimsəyirlər. Əgər yardımlar ünvana çatsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilsə, insanların vəziyyəti bu qədər ağır olmaz. Şikayətlər bu qədər çox olmaz. Deməli bu proqramların o qədər də faydası olmur. Kimsə bu fikirləri müxalifətçinin qərəzli mövqeyi kimi qiymətləndirirsə, çıxsın qonşudan, qohumdan maraqlansın ki, bir nəfər razı qalan varmı. Təbii ki, yoxdur. Bunları sadələşdirmək, əlçatan etmək lazımdır. Əsas məqsədə xidmət edən proqramlar həyata keçirmək lazımdır, nəinki korrupsiya və rüşvətxorluq üçün növbəti mənbə yaratmaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov isə bildirdi ki, ünvanlı dövlət sosial yardımının guya yalnız işləyən şəxslərə verildiyi barədə qeyd edilənlər yanlışdır: “Ünvanlı sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının (2022-ci il üçün ehtiyac meyarı 200 manatdır) məcmusundan aşağı olan aztəminatlı ailələrə verilir. Yəni, ailədə adambaşına aylıq gəlir 200 manatdan az olan ailələr bu yardımı ala bilər. 

Ola bilər ki, ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarından aşağıdır və ailənin əmək qabiliyyətli üzvü və ya üzvləri onlardan asılı olmayan səbəblərdən işləyə bilmir, belə halda da həmin ailəyə ünvanlı sosial yardım təyin oluna bilər. O səbəblər qanunvercilikdə göstərilib. Yəni, ailənin əmək qabiliyyətli olmayan üzvlərinin və ya əmək qabiliyyətli olsa da, I qrup əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa, sağlamlıq imkanları məhdud uşağa qulluq edən, yaxud 23 yaşadək əyani təhsil alan ailə üzvünün və ya üzvlərinin işləməsi tələb olunmur. Yaxud ailənin əmək qabiliyyətli üzvü və ya üzvləri dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar məşğulluq orqanında işsiz kimi qeydə alınıbsa, belə halda da onların işləməməsi ünvanlı sosial yardım almağa mane olmur”.

F.Talıbov vurğuladı ki, qeyd edilən səbəblər olmadan, ailənin əmək qabiliyyətli üzvü və ya üzvləri işləmirsə, məşğulluq orqanının təklif etdiyi iki münasib işdən də imtina edirsə, bu zaman ünvanlı dövlət sosial yardımı təyin edilmir: “Təbii ki, rifah üçün ən vacib amil, vasitə məşğulluqdur və burada da əmək fəaliyyətinin, məşğulluğun stimullaşdırılması məqsədi var. Çünki aztəminatlı ailənin əmək qabiliyyətli üzvü və ya üzvləri ilk növbədə əmək fəaliyyəti ilə məşğul olub, ailənin gəlirlər əldə etməsinə çalışmalıdır. Bundan sonra həmin gəlirlərin hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğu müəyyən olunarsa, ünvanlı sosial yardım təyin edilir”.

SİTAT.İNFO



Xəbər xətti