Suraxanı rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinin anım günləri qeyd olunur.
Sitat.info Qafqazinfo-ya əsasən xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şəhid ailələri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə yüksələn Əlimov Elvin Nəsrəddin oğlunun, Qasımlı Muxtar Əli oğlunun, Hüseynov Orxan Bəhmən oğlunun, Əliyev Yunis Zaur oğlunun, İslamlı Ruhid Uğur oğlunun, Yusubov Elzar Süleyman oğlunun, Əsədov Səbuhi Azər oğlunun, Şirinov Polad Seyran oğlunun, Qəhrəmanov Orxan Sərvər oğlunun məzarlarını, eləcə də ailə üzvlərini ziyarət edərək onların əziz xatirələrini ehtiramla anırlar.
RİH başçısı Adil Əliyev vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbr diləyib.
O bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla vətənin bölünməzliyinə imza atan şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.