Pakistan Əfqanıstana HÜCUM ETDİ
Sitat.info xəbər verir ki, bu barədə TOLO News məlumat yayıb.
Məlumata görə, zərbələr şəhərin doqquzuncu rayonunun yaxınlığındakı əraziyə endirilib. Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, hücum nəticəsində heç bir zərər qeydə alınmayıb.
Pakistanın informasiya naziri Attaullah Tarar isə sosial şəbəkə hesabında hücumların Əfqanıstan hava məkanının pozulmasına cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Onun sözlərinə görə, zərbələr “qəsdən, dəqiq, kalibrlənmiş və mütənasib” olub və Pakistan ərazisinə hücum cəhdləri ilə əlaqəli olduğu müəyyən edilən hərbi obyektlərlə məhdudlaşıb.
Tarar həmçinin bildirib ki, Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda pilotsuz uçuş aparatlarının (PUA) buraxılması və saxlanılması üçün istifadə edilən 10 obyektə zərbə endirib.
Nazirin sözlərinə görə, sentyabrın 23-də Əfqanıstana məxsus PUA-lar Pakistanın hava məkanına daxil olub. İslamabad bunu “suverenliyin pozulması” və “təcavüz aktı” kimi qiymətləndirib.
“Pakistanın hava hücumundan müdafiə sistemləri bütün müdaxilə edən PUA-ları hədəflərinə çatmazdan əvvəl aşkarlayıb, izləyib və zərərsizləşdirib. Pakistan özünümüdafiə hüququndan istifadə edərək, Əfqanıstanda bu PUA-ların buraxılması və saxlanılması üçün istifadə edilən 10 obyektə dəqiq hava və pilotsuz uçuş aparatı zərbələri endirib”, – deyə Tarar bildirib.
Nazir Kabulu “Pakistana qarşı düşmənçilik fəaliyyətlərini” dərhal dayandırmağa və terrorizmlə mübarizə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb.
Tarar vurğulayıb ki, Əfqanıstan ərazisindən Pakistana qarşı hücumların təşkili və ya düşmənçilik əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edilməməlidir.
O, həmçinin İslamabadın eskalasiya axtarmadığını, regional sülh, dialoq və konstruktiv əməkdaşlığın tərəfdarı olduğunu bildirib.
\\\Ajans.az