Niderland hökuməti noyabrda sərhədlərdə yoxlamalara başlamaq istəyir

15:01 26 Oktyabr 2024

Niderland hökuməti noyabrın sonundan etibarən sərhədlərdə yoxlamalara başlanılacağını, qanunsuz miqrantların Belçikaya və Almaniyaya geri göndəriləcəyini bəyan edib.

SITAT.INFO Almaniyanın "Şpigel" nəşrinə istinadla xəbər verir ki, Baş nazir Dik Şum sağçı hökumətin əsas hədəfi olan miqrasiyaya qarşı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Populist siyasətçi Girt Vildersin radikal sağ partiyası da daxil olmaqla, hökumətdə təmsil edilən partiyaların parlamentdəki fraksiyaları bu barədə razılığa gəlib.

Nəzərdə tutulan tədbirlər arasında Suriyanın bəzi bölgələrinin təhlükəsiz ərazi elan olunması və həmin ərazilərdən olan miqrantların geri göndərilməsi yer alıb. Bundan başqa, bu ölkədə sığınacaq almaq hüququ olmayan şəxslərin daha tez geri göndərilməsi, Niderlanda yaşamaq icazəsi olmayan mühacirlərin konteynerdən ibarət sığınacaqlarda yerləşdirilmələri təklif edilir.

Sərt miqrasiya qanununa dair təkliflərin qəbulu üçün parlamentin hər iki palatası razılığa gəlməlidir.

Lakin hökumətin bu planı ölkədə birmənalı qarşılanmayıb. Tanınmış hüquqşünaslar, bəzi rəsmilər və bir sıra bələdiyyələr bu tədbirlərin uğurlu olacağına şübhə ilə yanaşırlar. Miqrantların yerləşdirilməsinə cavabdeh bələdiyyələrin ittifaqı bu tədbirlərin xaos yaradacağını bildirib. Sərhədboyu şəhərlərin bələdiyyələri isə sərhədlərdəki yoxlamalara sərt etiraz edib. Bu barədə birgə açıqlamada yoxlamalar "narahatedici proses" və "saxta həll yolu" adlandırılıb. Birgə məlumatda Almaniyadakı sərhəd yoxlamalarının tıxaclara və qəzalara səbəb olduğu əsas gətirilib, nəqliyyat şirkətləri isə gecikmələrə görə xərclərin artmasından narahatdır.

Hər il təxminən 40 min nəfər sığınacaq üçün bu ölkəyə üz tutur./"azərtac"



Xəbər xətti