Noyabrın 4-də prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilib.
Axar.az xəbər verir ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.
Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 161 namizəd Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.
Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr media ilə ictimailəşdiriləcək, eyni zamanda, bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində məlumat yerləşdiriləcək.
Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.