Beyləqanda 8 Noyabr - Zəfər Günü böyük təntənə ilə qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, ötən gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər bayramı münasibətilə ziyafət verilib.
Tədbirdə RİH-nin başçısı Əziz Əzizov, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri, qazi və Vətən müharibəsi iştirakçıları iştirak edib.
İlk olaraq şəhərin mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Daha sonra “İmperial” sarayında davam edən tədbirdə Dövlət Himni səsləndirilərək torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş edilib.
Tədbiri giriş nitqi ilə açan Əziz Əzizov xalqımızı Zəfər Günü münasibətilə təbrik edib.
İcra başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman hərbiçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi olub.
Şəhid atası Qənbərov Novruz, qazi Asim Əliyev və digərləri çıxış edərək tədbir iştirakçılarını təbrik edib, Azərbaycan xalqına daim qələbə və zəfər arzulayıblar.
Tədbir rayonumuzun tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Zəfərin mübarək, qüdrətli Vətən!” adlı konsert proqramı ilə davam etdirilib.