Qərbin verdiyi silahlarla Ukraynaya Rusiya ərazisini vurmaq icazəsinin verilməsindən sonra Putinin nüvə silahının tətbiqi ilə bağlı hədələr yağdırması Avropada həyəcan və panikaya səbəb olub. Son günlərdə qarşılıqlı olaraq iki ölkənin bir-birinin ərazisini vurması, Rusiyanın Ukraynadakı kritik nöqtələrə ballistik raketlərlə hücumu iki ölkə arasındakı münaqişəni daha təhlükəli səviyyəyə qaldırıb. Ekspertlər hesab edirlər ki, bu cür hücumlar daha böyük nüvə təhlükəsi yarada bilər. Xüsusilə Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyindən sonra Rusiyanın nüvə təhdidləri Avropa əhalisini də hərəkətə keçirib.
Bu proseslərin fonunda Danimarka hökuməti vətəndaşlarını nüvə radiasiyası təhlükəsindən qorumaq üçün yod həbləri almağa çağırıb. Danimarka Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, bu addım ehtiyat tədbiridir və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Bəs, yod tabletləri nə üçündür?
Nüvə qəzaları və ya partlayışlar nəticəsində havaya radiokativ yod buraxıla bilər. Bunun nəticəsində tənəffüs edilən və ya qida ilə, su ilə qəbul edilən radioaktiv yod tiroid xərçəngi riskini artırır. Yod tabletləri tiroid vəzini radioaktiv yoddan qoruyaraq bu riski azaldır. Lakin bu tabletlər yalnız radioaktiv yoda qarşı təsirlidir. Digər radioaktiv maddələrə qarşı qorunma təmin etmir. Üstəgəl, yod tabletlərinin yalnız rəsmi qurumların tövsiyəsi ilə və müəyyən hallarda istifadə edilməli olduğu vurğulanır.
Qlobal miqyasda ekspertlər Ukrayna və Rusiya arasında münaqişənin nüvə müharibəsinə çevrilmə ehtimalını dəyərləndirməyə çalışırlar. NATO ölkələri vəziyyəti diqqətlə izləyir və radiasiyaya qarşı tədbirləri gücləndirirlər. Xüsusilə Şərqi Avropa ölkələrində nüvə bunkerləri və radiasiya qoruyucu vasitələrin getdikcə daha çox əhəmiyyət qazandığı bir dövr başlayır. Rusiyanın ballistik raket zərbələri və Qərbin bu hadisələrə cavab tədbirləri nüvə böhranının qapıda ola biləcəyi qorxusunu yaradır.
Danimarkada yod həblərinin alınması kimi addımlar həm əhalinin sağlamlığını qorumaq cəhdi, həm də nüvə təhdidlərinin ciddiliyini göstərən simvolik bir mesaj olaraq görülür.
Fatimə Zeynal,
Sitat.info