"Azərbaycanda vətəndaşların pensiyada qalma müddəti çox aşağıdır" - İqtisadçıdan pensiya yaşı ilə bağlı SƏRT TƏNQİD

11:39 4 May 2022

Azərbaycanda bir neçə il ərzində həyata keçirilən islahatlarla müasir və sosial baxımdan yüksək səmərəyə malik pensiya təminatı sisteminin yaradılmasına nail olunub. Bəs vətəndaşların bu islahatlardan faydalanmağına ömür həddi yetərlidirmi?  Pandemiyanın meydan suladığı, həyati riskli xəstəliklərin artığı dövrdə vətəndaşlar pensiya yaşına qədər əmək qabiliyyətlərini qoruyub saxlaya bilirlərmi?

İqtisadçı ekspert Nazim Bəydəmirli SİTAT.İNFO- ya açıqlamasında Azərbaycanda orta ömür müddətinə aydınlıq gətirib: “Orta ömür müddəti  Azərbaycan statistikasında və beynəlxalq statistikada fərqlidir. Azərbaycan rəsmiləri elan edirlər ki, Azərbaycanda ömür müddəti 75 ildir. Ancaq beynəlxalq statistikada kişilərin ömrü 72 ,qadınların isə 77 göstərilir. Təəssüflə qeyd edirəm ki, 2006 -cı ildə pensiyada qalma müddətinin azı 12 il olması şərti ilə pensiya qanunvericiliyi dəyişdirildi. Bu prinsipdən çıxış etsək görərik ki, kişilərin pensiyada qalma müddəti çox qısadır. Pensiya qanunvericilinə görə, bir neçə ildən sonra qadınlar da 65 yaşdan etibarən pensiya alacaq". 

Nazim Bəydəmirlinin sözlərinə görə, ömür müddəti ilə bağlı yaxşı perspektivlərimiz yoxdur: “Ömür müddəti ölkənin inkişafından, səhiyyə sisteminin əlçatanlığından və əhali rifahının yüksəkliyi kimi dinamikalardan asılıdır. Məsələn, Yaponiyada ömür müddəti 83 yaş, ABŞ- da isə ona yaxındır. Qafqaz ölkəsi kimi Azərbaycan həmişə sovet ədəbiyyatında uzun ömürlülər diyarı adlandırılsa da, son illər bu statistika çox aşağıdır". 

İqtisadçı alim pensiya qanunvericiliyin ən çox dırnaqarası islahatlara məruz qalan sahə olduğunu vurğulayıb:” Azı 2006 -cı ildən indiyək pensiya qanunvericiliyinə 4 dəfə dəyişiklik edilib. Özəl pensiya fondlarının yaradılması, pensiya ilə bağlı dövlət proqramlarının qəbul olunması nəzərdə tutulsa da, icra olunmayıb".


Nazim Bəydəmirli bildirib ki, vətəndaşların daha çox pensiyada qalma müddəti olmalıdır: "Aşağı əməkhaqqı olan ölkələrdə vətəndaşlar pensiyaya çıxmağa meyilli olmurlar. Ailələrini  dolandırmaq  üçün işləməyə üstünlük verirlər. Buna idarəetmədə olan şəxslərin uzun müddət vəzifələrdən “yapışması”da stimul verir. Azərbaycanda bu ənənə mənfi mənada davam etdirilir. Bu sahədə ədalətsizlik hökm sürür:”idarəetmədə olan şəxslər qohumluq əlaqəsi ilə vəzifəyə təyin olunursa, ona görə işdən çıxarılmır. Belə desək, kiçik vəzifələrdə işləyənləri 65 yaşından pensiyaya çıxmağa məcbur edən şəxslər özləri 80 yaşı keçsələr də vəzifədə qalırlar. Vətəndaşa yığılan pensiya kapitalı əmək haqqına görə dəyişir. Məntiqlə yanaşsaq, pensiyaçı vəfat edirsə onun haqqı varislərinə verilməlidir . Lakin bu Azərbacan qanunvericiliyində nəzərdə tutulmayıb. İdarəetmədə olan problemlər bu sahəni çox geri salıb. Hesab edirəm ki, Azərbaycan höküməti Gürcüstan təcrübəsindən yararlanmalıdır və konstitusiyada sosial dövlət  adlandırıldığına görə hər bir vətəndaşa kapitalın olub- olmamasına baxmayaraq yaşayış minimumunu  təmin etməlidir”. 

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti