"Gürcüstanda parlament seçkisindən sonra Qərb ölkələrinin, xüsusilə də Fransanın önə çıxdığı Avropa İttifaqının bir çox ölkələrinin bu ölkədə gərginlik və ixtişaş yaratmağa cəhd etməsi dırnaqarası demokratik qüvvələrin antidemokratik addımlarının göstəricisidir".
Sitat.info xəbər verir ki, bunu Oxu.az- a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.
Onun sözlərinə görə Qərb dairələri bu istiqamətdəki addımlarını konkret müstəviyə keçirib:
"Şəffaf seçki nəticəsində əhalinin əksəriyyətinin səs verib hakimiyyətə gətirdiyi şəxslər Qərbin maraqlarına xidmət etmirsə, Qərb onlara qarşı plan quraraq hakimiyyətdən uzaqlaşdırmağa və bilavasitə öz əlaltıları ola biləcək qüvvələri hakimiyyətə gətirməyə çalışır.
Gürcüstan hökuməti Avropa İttifaqının təzyiqlərinə adekvat cavab verərək Aİ ilə danışıqları 2028-ci ilə qədər dondurmaq qərarı alıb. Lakin məhz bundan sonra Gürcüstan Xarici İşlər Nazirliyinin 92-dən çox diplomatının, eyni zamanda, qeyri-hökumət təşkilatlarının, Aİ-nin təsir dairəsində olan qüvvələrin bir anda küçələrə axışması, hətta polislə qarşıdurmaya getməsi, konkret bəyanatın sürətlə hazırlanması vahid bir ssenarinin mövcudluğundan xəbər verir. Əks halda, belə sürətli şəkildə təşkilatlanıb hərəkətə keçmək kortəbii planın və fərdi yanaşmanın tərkib hissəsi deyil. Bu onu göstərir ki, kollektiv şəkildə ümumi bir hazırlıq ssenarisi mövcuddur və Qərb hər cür cəhdlə məqsədinə nail olmağa çalışır".
"Təbii ki, biz başqa ölkələrin daxili işlərinə qarışmadan beynəlxalq münasibətlər sistemində mövcud olan qanunları əsas gətirərək bir xüsusu qeyd etməliyik. Belə ki, əhalinin iradəsi ilə baş verən şəffaf proseslər sənin maraqlarına sərf etmirsə, bu hadisələri antidemokratik bir durum kimi təqdim etmək təbii ki, demokratiya deyil, bu, əslində, anarxiyadır, dövlətin və xalqın daxili işlərinə qarışmaq və müdaxilə etməkdir. Bu baxımdan, Aİ-nin bir çox ölkələri öz daxillərindəki problemləri təmizləmək yerinə, başqa ölkələrin işinə müdaxilə etməsi bu gün beynəlxalq münasibətlər sistemində onsuz da gərgin olan ab-havanı daha da gərginləşdirir", - deyə deputat vurğulayıb.
Müsahibimiz əminliklə qeyd edib ki, Azərbaycan xalqının birliyi və Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi sayəsində bu hadisələrinə ölkəmizə zərərləri toxunmayacaq:
"Azərbaycan xalqı vahiddir, milli maraqlarını, milli təhlükəsizliyini və bu çərçivədə həyata keçirilən siyasəti dəstəkləyir. İnanırıq ki, qonşu Gürcüstanda da bu ixtişaşlar və xaotik vəziyyət qısa müddət ərzində qaydasına düşəcək və məhz Aİ-nin özünün istinad etmiş olduğu, beynəlxalq hüququn norma və prinsiplərinə, nəhayət, Aİ özü də riayət edəcək. Gürcüstanda xalqın seçmiş olduğu hakimiyyətin normal şəkildə işləməsinə və xalqının vermiş olduğu səsə uyğun şəkildə qərarlar verməsinə hörmətlə yanaşmaq lazımdır".