Ermənistanda 2025-ci il üçün dövlət büdcəsində müdafiə xərcləri 20 % artırılıb

13:34 4 Dekabr 2024

Ermənistan parlamenti gələn ilin dövlət büdcəsini təsdiqləyib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, qanun layihəsini 61 deputat dəstəkləyib, 30 deputat (əsasən müxalifət nümayəndələri) isə onun əleyhinə səs verib, bitərəf qalan olmayıb.

Büdcənin ümumi xərcləri 3,42 trilyon dram (7,8 milyard ABŞ dolları) təşkil edəcək ki, bu da cari ilin səviyyəsindən 13 % çoxdur.

Yeni büdcə layihəsinə əsasən, müdafiə xərcləri 20 % artaraq 665 milyard dram (1,713 milyard ABŞ dolları) həcmində olacaq. Daxili İşlər Nazirliyinin xərcləri 15 % artaraq 105 milyard dram (270 milyon ABŞ dolları), Maliyyə Nazirliyinin xərcləri isə 13 % artaraq 399,4 milyard dram (1,029 milyard ABŞ dolları) təşkil edəcək.

Büdcənin bəzi maddələri üzrə kəsilmələr olacaq. Belə ki, səhiyyə xərcləri 3 % azalaraq 163 milyard dram (420 milyon ABŞ dolları) təşkil edəcək. Bu, əsasən, ümumi tibbi sığorta çərçivəsində bir sıra proqramların başa çatması ilə bağlıdır.

2025-ci ilin sonuna qədər dövlət borcunun proqnozlaşdırılan həcmi 877 milyard dram artaraq təqribən 6 trilyon dram (təxminən 14 milyard ABŞ dolları) təşkil edəcək. ÜDM-ə münasibətdə dövlət borcu 49,8 %-dən 53,5 %-ə yüksələcək. Borca xidmət xərcləri 14 % artaraq 394,1 milyard drama (1,015 milyard ABŞ dolları) çatacaq.

Büdcə gəlirləri isə 2,87 trilyon dram (təxminən 7,4 milyard ABŞ dolları) səviyyəsində planlaşdırılır. Bu, 2024-cü il üçün gözlənilən rəqəmdən 11 % çoxdur.



Xəbər xətti