"Vaxtından əvvəl yetişən mövsüm meyvələri uşaqlara VERİLMƏMƏLİDİR" - Pediatr və qida eksperti CİDDİ XƏBƏRDARLIQ ETDİ

15:03 5 May 2022

Hazırda insanları narahat edən suallardan biri də budur ki, vaxtından əvvəl bazara çıxarılan mövsüm meyvələri və tərəvəzlər zərərli ola bilərmi? Bu məhsullar hansı formada yetişdirilir, yetişmə prosesində hansı kənar təsirlərə məruz qalır? 

Qida təhlükəsizliyi eksperti Elsəvər Fərzəliyev  mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, məhsulun yetişməsi üçün  təbii gübrələrdən istifadə edilərsə, bu zaman orqanik hesab etmək olar: ”Bütün kənd təsərrüfatı məhsulları - bitki, meyvə, giləmeyvə, tərəvəzlər məhsul vermək üçün müəyyən miqdarda enerji qəbul etməlidirlər. Bu enerji həmin məhsulların yetişməsi üçün vacib amildir. Onun nəticəsində bitkinin meyvələri yetişir və meyvənin tərkibində qidalı komponentlər formalaşır. Həmin meyvə öz spesifik dadını, qoxusunu, tərkibini əldə edir. Qeyd edək ki, bir çox hallarda vaxtı yetişmədikdə belə istixanalarda becərilən bir çox meyvə, giləmeyvə və tərəvəz məhsullarını müşahidə etmək mümkündür. Bu məhsulların yetişdirilməsi üçün enerji ilə bərabər  həmin torpağa müəyyən qədər gübrələr verilir ki, bu gübrələrdən aldığı qüvvət və elementlərin hesabına bitkilər ayaqda dura bilirlər- özlərini  mühafizə etmək, məhsul vermək qabiliyyətinə malik olurlar. Təbii ki, bu gübrələr təbii olarsa, onda istehsal etdiyimiz məhsul orqanik hesab olunar". 

Elsəvər Fərzəliyevin sözlərinə görə, əgər məhsulun yetişdirilməsində süni, kimyəvi, sintez yolu ilə alınan gübrələrdən istifadə olunursa, bu gübrələrin bitkiyə çatdırdığı tərkib komponentləri,  E qrup qida əlavələri kimi adlandırılan müəyyən əlavələr qrupunun bitkidə formalaşmasını şərtləndirir: ”Bu baxımdan istehsal olunan meyvə, giləmeyvə və tərəvəz məhsullarının vaxtından əvvəl yetişdirilməsində  tələb olunan enerjinin və qidalandırıcı komponentlərin qəbul edildiyi haqqında birmənalı olaraq fikir söyləmək olar. Gübrələrdən əldə edilən tərkib bitkinin meyvələrində  normadan artıq toplanırsa, deməli bu məhsullarda E qrup əlavələrin miqdarı tələb olunan normaları aşır və onlar insan orqanizminə mənfi təsir göstərə bilir. Məhz bu xüsusiyyət böyük yaşda olan insanlardan fərqli olaraq körpələrə, uşaqlara daha tez təsir göstərir. Buna görə də uşaqlara, süni gübrələrin istifadəsi ilə vaxtından əvvəl yetişdirilən meyvə, giləmeyvə və tərəvəz məhsullarının verilməsi doğru sayılmır. Bu artıq miqdarda E  qrupu qida komponentlərinin insan orqanizminə  keçməsi və nəticədə müəyyən zərərlərin, bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb ola bildiyi üçün belə məhsullardan istifadə etmək məsləhət görülmür. Əksər hallarda ticarət mərkəzlərindən aldığımız pomidar alma kimi xırçıldayır. Onun daxili hissəsi qızarmamış olur və bu da məhsulun kifayət qədər enerji almadığına işarədir. Bu eyni zamanda bir sıra məhsullara-çiyələyə, qarağata, digər meyvə və giləmeyvələrə aiddir". 
 Ekspert vaxtından əvvəl yetişdirilən meyvə və giləmeyvələrin uşaq orqanizminə göstərə biləcəyi mənfi təsiri  nəzərə alaraq, uşaqların qida rasionunda onlardan istifadə olunmasını töviyə etdi.

Pediatr Günay Rəsulova isə, vaxtından əvvəl yetişdirilən meyvələrin uşaqlarda törətdiyi fəsadlar barədə SİTAT.İNFO- ya açıqlamasında bildirdi ki, heç bir meyvə - tərəvəzin vaxtından əvvəl yeyilməsi məsləhət deyil: "Əsasən də uşaqlara verilməməsi vacibdir. Çünki, vaxtından əvvəl yetişdirilən məhsullara qatılan qeyri-üzvi maddələr uşaq orqanizmi üçün zərərlidir. Belə meyvələr uşaqlarda  mədə- bağırsaq pozğunluqlarından tutmuş, allergiya və zəhərlənmə kimi hallara gətirib çıxara bilər. Yaxşı olar ki, uşaqlara verilən meyvələr orqanik və mövsümündə olsun. Özəlliklə vaxtından əvvəl yetişdirilən çiyələklər uşaqlarda allergiya riskini artırır, ona görə də qətiyyən verilməməsi məsləhətdir".

Nigar ABUZƏR

SİTAT.İNFO



Xəbər xətti