İDMAN ZALLARINDA TƏHLÜKƏ! Enerji içkisi bu fəsadları yaradır" Tanınmış həkim QADAĞAN ETDİ

15:42 5 May 2022

Son günlərdə ani ölüm halları çoxalıb. Bunun səbəbləri kimi narkotik vasitələri, alkoqolu, gizli gedən xəstəlikləri və sair kimi faktorlar qeyd olunur. Gənclərin sağlamlığına mənfi təsir göstərən vasitələrdən biri də enerji içkiləridir. Xüsusilə idman zallarında, sağlamlıq mərkəzlərində də satılan bu içkilərdən gənclər əlavə enerji almaq üçün istifadə edirlər.  Bəs görəsən, enerji içkiləri səhhətimizə nə qədər zərərlidir? Qarşıdan yay fəslinin gəldiyini nəzərə alsaq, insanlar sərinləşdirici içki əvəzinə enerji içkiləri içə bilərlərmi?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən kardioloq İdris Xəlilov bildirdi ki, enerji içkilərinin istifadəsinin əleyhinə olduğunu bildirdi: "Bu içkilər hormonlar kimi, müxtəlif stimullaşdırıcı dərmanlar kimi təsir göstərir. Bir idmançı güclənmək istəyirsə, öz təbii resurslarından istifadə etməlidir. Qıraqdan müdaxilə əslində insanın orqanlarında bu və ya digər fəsadlar törədə bilər. Bu  içkilər kimi digər stimulyatorların  da bəzən tərkibi bəlli olmur. Bəzən məhsulun üzərində yazılanla içindəki düz gəlmir. Heç bir insanın tam müayinə olunmadan bu və ya digər stimullaşdırıcı vasitədən istifadəsi doğru deyil. Praktikamda enerji içkiləri istifadə edən bir neçə gəncdə  yüksək qan təzyiqi və ürək döyüntüsü müşahidə olunub. Mən onlara bu içkilərdən istifadəni qadağan etdikdən sonra, onlarda bu hallar aradan qalxıb" .


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov enerji içkilərinin  idman mərkəzlərində satılmasının düzgün olmadığını vurğulayıb: " Azad İstehlakçılar Birliyi enerji içkilərinin idman zallarında satılmasının qətiyyən tərəfdarı deyil. Eləcə də biz görürük ki, bir sıra yarışlarda, o cümlədən, velosiped yarışlarında enerji içkilərinin distribüterləri sponsor qismində iştirak edir, geniş reklamları gedir. Qeyd edim ki, bu arzuolunmaz içkilərdir. Təəssüflər olsun ki, bütün dünyada bunun aqressiv reklamı gedir. İstehlakçıların beyni yuyulur. Bir yaxşı hal budur ki, Azərbaycanda enerji içkilərinin tərkibinin yaxşılaşdırılması üçün iş aparılıb. Qida Təhlükəsizliyi Agentliyi konkret standartlar tətbiq edib. Və oradakı öyrəşdirici  maddələrin, asılılıq yaradanarzuolunmaz maddələrin minimum həddi müəyyən olunub. Hazırda Azərbaycanda istehsal olunan enerji içkiləri demək olar ki, o standartla buraxılır. Bunu yaxşı hal hesab eləmək olar".

E.Hüseynov bildirdi ki, enerji içkilərinin əlçatanlığı azaldılmalıdır: "Hardasa 3 il öncə dövlət tərəfindən enerji içkilərinə qoyulan vergilər artırılıb. Bunu da yaxşı hal hesab eləmək olar. Biz çalışırıq ki, enerji içkilərinin əlçatanlığı azalsın. Hər bir məhsulun daha yaxşısı və ya daha pisi də var.  Daha pis xaricdən gətirilənlərdir. Yerli istehsal enerji içkiləri də mövcuddur.  Onlar tam nəzarət altındadır. Mümkün qədər istehlakçılar bu enerji içkilərindən uzaq olmalıdırlar. O cümlədən idman yarışlarında, idman zallarında bundan istifadə edilməməlidir. Çox yaxşı haldır ki,6 il bundan öncə məktəb bufetləri üçün standartlar hazırlanıb. Məktəb bufetlərində enerji içkilərinin satışına qadağa qoyulub. Bu çox yaxşı haldır. Gərək valideynlər, müəllimlər müəyyən tərbiyəvi iş aparsınlar, mümkün qədər gəncləri enerji içkilərindən uzaqlaşdırsınlar". 

 

Pediatr Lamiyə Tağıyeva bu içkilərin  uşaqlara olduqca zərərli olduğunu qeyd etdi: "Əslində adına baxmayaraq  bu tip içkilər  heç də  enerji vermir, əksinə orqanizmi ehtiyat enerjisini sərf etməyə məcbur edir. Bu növ içkilərin  tərkibində taurin və kofein var. Bu  maddələr orqanizmdə yetərincə sintez olunur, ona görə kənardan yüksək miqdarda qəbuluna ehtiyac yoxdu. Belə içkiləri  istifadə edən uşaqlarda hiperaktivlik müşahidə olunur. Hətta sidikqaçırma, lazımsız əsəbilik , yuxu pozğunluğu,  sonsuzluğa səbəb ola bilir. 
Uzun müddət qəbulu zamanı öyrəşmə olur. Hətta böyüklərə də  çox istifadəsi zərərlidir. Ürək əzələsində ciddi dəyişikliklərə, əzələ hipertrofiyasına səbəb ola bilir".

Ləman Şərifzadə

SİTAT.İNFO



Xəbər xətti