"İşsiz kimi qeydiyyata düşməyin özü də ciddi bir işdir" - Hökumət statistikanı süni şəkildə belə azaldır

14:50 6 May 2022

Azərbaycanda işsizlik səviyəsi hələ də yüksək olaraq qalmaqdadır. Pandemiyanın yaratdığı problemlər bu durumu bir qədər də dərinləşdirdi. Bu məsələdə dövlət qurumları ilə müstəqil ekspertlər arasında fikir ayrılıqları mövcuddur. Dövlətin açıqladığı statistikada işsizlik faizi daha aşağı, iqtisadçı ekspertlərin təhlillərində isə daha yuxarı faizlə göstərilir. Amma istənilən halda reallıq budur ki, bu gün iş axtaran gənclərin sayı daha çoxdur. Bəs görəsən dövlət işsizlikdən əziyyət çəkən əhalini kateqoriyalara bölübmü? İşsiz şəxslərin işlə təmin olunması üçün hansı sahələrdə canlanmaya ehtiyac var?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, dövlət statistikası ilə reallıq bir- birinə uyğun gəlmir: "Ölkədə rəsmi rəqəmlərə görə işsizlik səviyyəsi 5,8 faizdir. Rəsmi rəqəmlərdə elə görünür ki, vəziyyət gərgin deyil. Amma reallıq onu göstərir ki, Azərbaycanda əmək qabiliyyəti olan əhalinin sayı təqribən 5,7 - 5,8 milyona yaxındır. Bunun da rəsmi müqavilə ilə çalışanların sayı isə 1,7 milyondur. Yəni, əmək qabiliyyətli insanların cəmi 1,7 milyonu əmək müqaviləsi ilə çalışır. Yerdə qalan 4 milyonun bir hissəsi, 700-800 minə yaxını xidmət müqaviləsi ilə çalışanlara aid edilir. Amma burda ciddi yanlışlıq var. Adına xidmət müqaviləsi yazılmaq , heç də həmin şəxsin qazancı olduğu anlamına gəlmir. Yəni burada seçim olmalıdır. Daha dəqiq statistik yoxlamalar aparılmalıdır". 
İqtisadçı vurğuladı ki, Azərbaycan hökuməti  1,4 milyon insanı aqrar sektorda çalışan kimi qeydə alır, bunları da işsiz saymır: "Burada da problem ondan ibarətdir ki, kimin adına kiçik də olsa pay torpaq varsa, onu işsiz kimi qeydiyyata almır. Və onu aqrar sektorun işçisi kimi  nəzərdə saxlayır. Bu da çox ciddi yanlışdır. Azərbaycanda real işsizlik statistikasının aparılmasına ehtiyac var".

Natiq Cəfərli hesab edir ki,  bizdə işsiz kimi qeydiyyata düşməyin özü də ciddi bir işdi: "İşsiz kimi qeydiyyata düşmək üçün vətəndaşlar uzun prosesdən keçməlidirlər, çox sayda sənədlər təqdim etməlidirlər, müqavilələr imzalamalıdırlar. Bu özü də yanlışdır. Bu problemlərin aradan qaldırılması üçün birinci növbədə doğru statistika aparılmalıdır. İkinci növbədə biznes azadlığı, kiçik orta sahibkarlıq inkişaf etdirilməlidir. Bizdə dövlət iqtisadi modeli olduğu üçün, dövlət özünün iqtisadiyyatda hegomon olmağına hesablanmış model qurur. İşsizliklə mübarizədə də çox zaman müəyyən layihələrə bel bağlayır. Yəni, Qarabağda işğaldan azad olmuş torpaqların tikintisinə, böyük layihələrinə güvənir ki, onlar işsizliyin qarşısını alan amilə çeviriləcək. Bəli, bunun işsizliyin azalmasında rolu var və olacaq da. Amma işsizliyin azalmasında əsas amil, kiçik və orta sahibkarlıq, biznes muhitinin yaxşılaşdırılması və azad rəqabət mühitinin yaradılmasıdır".

Lamiyə Xəqani

SİTAT.İNFO



Xəbər xətti