Qazaxıstanlılar Aktau yaxınlığındakı faciə ilə əlaqədar Azərbaycana dəstək olmağa davam edirlər

15:25 26 Dekabr 2024

Qazaxıstan rəsmiləri, bu ölkə parlamentinin deputatları və paytaxt Astananın sakinləri Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı vermək və dəstəklərini ifadə etmək üçün Azərbaycan səfirliyinə gəlirlər.

 Sitat.info xəbər verir ki, faciə təkcə Azərbaycanda deyil, Qazaxıstanda da dərin kədər doğurub. Qazaxıstan paytaxtının sakinləri və rəsmilər səmimi qəlbdən başsağlığı verməyə və mənəvi dəstək olmağa davam edirlər.

Qazaxıstan senatorları və deputatları xatirə kitabına ürək sözlərini yazmaq üçün Azərbaycan səfirliyini ziyarət ediblər. Paytaxt sakinləri isə Astanadakı Azərbaycan səfirliyinə gələrək binanın önünə gül və oyuncaqlar qoyurlar.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.



Xəbər xətti