Rusiya üzr istəyəcək? Peskov cavab verdi

14:47 27 Dekabr 2024

Kreml Bakıdan Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Azərbaycan təyyarəsini vurmasına görə üzr istəməsi ilə bağlı bəyanatları görüb, lakin onlar hələ də qəzanın səbəbləri ilə bağlı araşdırmalar tamamlanana qədər bu vəziyyəti şərh etmir.

Sitat.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov azərbaycanlı deputat Rasim Musabəyovun bəyanatını Kremlin görüb-görməməsi sualına cavab verərkən deyib.

“Təbii ki, gördük, amma bir daha təkrar edirəm, artıq dediklərimə əlavə edəcəyim heç nə yoxdur. Bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və istintaqdan nəticə çıxarılana qədər özümüzdə heç bir qiymətləndirmə aparmaq hüququnu görmürük və etməyəcəyik. Bunu edə biləcək aviasiya səlahiyyətlilərimiz var və bu məlumatlar yalnız onlarda ola bilər”, - o bildirib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.



Xəbər xətti