"4 il universitetdə əldə etdiyiniz bilik heç yerdə lazım olmayacaq" - Kamran Əsədovla MÜSAHİBƏ

17:42 11 May 2022

Azərbaycanda ali təhsil pilləsinin də çox dərin problemləri var. Ali təhsil müəssisələrində tədrisin düzgün qurulmaması, əmək bazarındakı artıq sıradan çıxmış  ixtisaslara qəbul, abituriyentlərin ixtisas seçimlərində əsas faktorlar, ali məktbələrdə praktik  fəaliyyətin çatışmazlığı və sair narahatlıq doğurur. SİTAT.İNFO-nun qonağı olan təhsil eksperti Kamran Əsədov da müsahibəsində bu məsələlərə toxunub. Sözügedən müsahibəni təqdim edirik. 

- Kamran bəy, Azərbaycanda ali təhsil müəssisələrindəki vəziyyəti necə qiymətləndirirsiniz? Təhsilin keyfiyyəti yetərli səviyyədədirmi? 

- Bu gün Azərbaycanda 51 ali təhsil müəssisəsi var və  187 min tələbə təhsil alır.187 min tələbənin hazırda 14 minə yaxını magistratura səviyyəsində təhsil almaqdadır. 2022-ci ildə qəbul olanların sayı 51 min olacaq. Biz hazırda kəmiyyətlə məşğuluq, bu dəqiqə Azərbaycan ali təhsilində keyfiyyət yoxdur. Bunun bir neçə səbəbi var:  Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələblərinə, müasir standartlara cavab verən kadr hazırlamır. Universitetlərdə sadəcə nəzəri məlumatlar çatdırılır.

- Problemi hissə-hissə bölsək, birinci yerdə nəyi qeyd edərdiniz? 

- Birincisi ali təhsil müəssisələrinin idarə edilməsində şəffaflıq, idarəyönümlülük yoxdur İkincisi, tədris planları problemlidir. Bir universitetdə ki, ötən əsrin materialı ilə dərs keçirilir,  onda biz heç nə gözləyə bilmərik.  Hədəf yoxdur, hədəfə çatmaq yoxdur. Hansısa addımlar atılmaq əvəzinə, lazım olmayan tədbirlər keçirirlər. Bu gün ali təhsil müəssisələrinin məzunları əmək bazarında çox aşağı səviyyədə təmsil olunur. Bizdə müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirilir, universitet məzunları imtahandan keçmək üçün müəllim yanına hazırlığa gedir. Onda bunların 4 il oxuduğu kimə lazımdır? Ümumiyyətlə sizin 4 il ərzində universitetdə əldə etdiyiniz bilik sizə heç yerdə lazım olmayacaq.  Universitet sadəcə 4 il sonra bir quru diplom verir, bu olsa da olar, olmasa da. Bu gün o qədər insan var ki, o kağız parçası olmadan da kifayət qədər uğurlu mütəxəssisdir.  Dünya minimum imkanlarla maksimum nəticə gözləyir. Bizim universitetlərdə bunlar yoxdur.

- Dünya distant təhsilə keçir. Bəs distant təhsillə bağlı gələcəkdə bizi nələr gözləyir?

- 4 il universitet auditoriyalarında oturmaq çox lazımsızdır .Bu vaxt və maliyə itkisidir. Artıq distant təhsil zamanın tələbinə çevrilib. Müəllimin hardan dərsi keçməsinin önəmi yoxdur. Türkiyə üçün satdığım bir layihə var. Mən dərsimi maksimum 20 dəqiqəlik videoya çəkirəm və onu portala yerləşdirirəm. Tələbə bu videonu önə çəkə bilmir. Məcburdur ki, sonda digər mövzuya keçmək üçün bunu axıra kimi izləyib, suallara düzgün cavab versin. 80 faiz suallara cavab verə bilməsə digər mövzuda olan videonu izləyən bilməyəcək. Tələbənin uzaq rayondan gəlib kirayələrdə qalması maliyyə itkisidir. Onun əvəzinə istədiyin yerdən təhsil almaq imkanın var. Distant təhsilin sadəcə bir problemi var, o da sosiallaşmadır. Distant təhsildən qorxmamalıyıq. Sadəcə indi distant təhsil yola vermə şəkilində tədris olunur. Bir məqam var ki,  distant təhsil bütün fənnlərdə ola bilməz. Tibb, mühəndislik və s. distant şəkildə öyrədilə bilməz.  Burada siz texnikanın içərisində olmalısınız. Demirəm ki, siniflərə heç gedilməsin, sadəcə bütün fənnlər üçün auditoriyada oturmağa gərək yoxdur. Belə bir gerçək var ki, gələcəyin ali təhsil forması distant təhsildir , 4 il universitet oxumaq artıq keçmişdə qaldı. Məsələn kompüter mühəndisi olmaq üçün 4 il oxumaqdansa gedib 6 ay kursda əla səviyyədə buna nail olmaq mümkündür. Demək ki, universitet bizə lazım deyil. Universiteti o adamlar gedib 4 il oxumalıdır ki, onlar gələcəkdə elm arxasınca gedəcəklər, elmi tədqiqatla məşgul olacaqlar.

- Sizə görə universitetlərdə keçirilən bütün fənnlər zəruri deyilmi?

- Universitetlərdə riyaziyyat, informatika və s. kimi  fənnlər mövcuddur ki, biz bunları orta məktəbdə 11 il keçirik. Bir də həmin fənnləri 4 il universitetdə oxumağın mənası yoxdur. Universitetlərdə müəllimlərə maaş vermək, tələbənin təhsil haqqını müəyyənləşdirmək üçün əlaqəsiz fənnlər keçirilir. Bunlar da tələbəyə lazım deyil.  

- Müasir dövrün tələblərinə uyğun ixtisasların yaradılması gözlənilirmi?

- İsveç alimlərinin bu sahədə tədqiqatları var. 2035-ci ildə indiki ixtisasların 90 faizi olmayacaq. Amma, bu o demək deyil ki, indiki ixtisaslar əhəmiyyətini itirəcək. Elə ixtisaslar var ki, adını dəyişərək yeni formata keçir. Məsələn, 2035-ci ildə hüquqşünas öz yerində qalacaq, amma başqa formatda.  Suni intelekt inkişaf etməkdədir. Zaman keçdikcə insanları düşüncəsinin oxunması prosesi həyata keçiriləcək. Və bunlar ixtisaslara da təsir edəcək. Gələcəktə hər şey avtomatlasdırılmış proqrama keçid edəcək. Maşınların avtomatik idarə edilməsi həyata keçiriləcək, qəzaların baş vermə ehtimalları azalacaq. Bunlar hamsı gələcəyin ixtisaslarıdır. Suni intelekt, nonotexnalogiya, dizayn -  bu sahələr gələcəkdə inkişaf edəcək. Bizim proqnozumuza görə 2040- ci ildə insanlar özlərini zaman axınında hərəkət etdirə biləcək. Proqram təminatları yaradılaraq dərslər robotlar vasitəsi ilə həyata keçiriləcək.  

- Ölkədə hər il müəllimlik ixtisası üzrə yüzlərlə qəbul aparılır. Bu sahədə minlərlə məzun da işsiz qalmaqdadır. Müəllimlik ixtisasına müəyyən müddətdə qəbulun dayandırılması gözlənilirmi? 

- 2021- ci ildə MİQ üzrə 61 min nəfər sənəd vermişdi. Plan yeri isə 8000 idi. 53 min nəfər yerdə qaldı. Universitetlər sadəcə orta məktəblər üçün müəllim hazırlamır, onlar müxtəlif yerlərdə işləyirlər. Bizim təhsil müəssisələri keyfiyyət bir kənara hələ kəmiyyəti artırmağa çalışırlar. Bu gün Azərbaycan vətəndaşının cəmi 17 faizi ali təhsillidir. Siz elə düşünməyin ki, ətrafınızdakı hər kəs ali təhsil alır. Ona görə də ən ağır cinayətlər bizdə törədilir, ailə cinayətlərinin sayı artır. Çünki  bizim cəmiyyətimiz təhsilli cəmiyyət deyil. Bu il orta məktəblərdən 85 min nəfər məzun olacaq. Onun ali məktəbə cəmi 35 min nəfəri daxil olacaq, 50 min insan kənarda qalacaq. Yerdə qalanların pis işlərə meyillənməməsi üçün onları auditoriyalara cəlb etsək, ən azından onların intellektual səviyyəsində dəyişiklik olacaq.  Fikrimdə ziddiyət kimi qəbujl olunmasın,  amma bir baxımdan təhsilin müsbət cəhəti bu ola bilər. Biz hələ ki, yeni ixtisasları yarada bilmirik. Çünki bizdə onların işlə təmin olunması üçün yerlər yoxdur.

- Ölkəmizdə peşə təhsili almış kadrlar çatışmır. Həmin kütləni peşə təhsilinə yönəldə bilərikmi?

- Ölkədə 107 peşə təhsil müəssisəsi var. Ali məktəbə qəbul olmayanlar kollecə qəbul olurlar. İnanın ki, kollecə qəbul olanlar utandığından bunu deyə bilmirlər. İnsanlara desək ki, peşə təhsili al, bunu özlərinə təhqir olaraq qəbul edirlər. Amma biz nə etməliyik?  Birinci bütün şirkətlərə təlimat verilməlidir ki,  25 faiz işçiniz peşə təhsili müəssisələrinin məzunları olacaq. Bəzi ştatlar var ki, orada ali təhsil olmasa da olar. Mən bilsəm ki, mənim peşə təhsilim olandan sonra məni işlə təmin edirlər, mən niyə 4 il universitetdə vaxt itirim? İkincisi, peşə təhsil müəssisələrində oxuyanlara hərbi xiddmətdə möhlət hüququ verilməlidir. Bizim oğlanların 40 faizi ali təhsil oxumağa can atırlar ki, 4 il hərbi xiddmətdən möhlət alsın. Yoxsa ali təhsilə həvəsləri olduğu üçün getmirler. Buna görə Peşə təhsilinin keyfiyyəti artırılmalıdır. Restoranlarda aşbazlar, ofisiantlar yəni, xidmət sektoru  işçiləri hamsı peşə təhsilli olmalıdır. Bütün şirkətlərə bu tələb qoyulmalıdır ki, işçinin ən az 3 nəfərdən 1-i peşə təhsilli olsun.

 Azərbaycandan ali təhsilli insanların cəmi 42 faizi öz ixtisası üzrə işləyə bilir. Geridə qalanlar  ixtisasdan tamamilə fərqli yerlərdə işləyirlər. Buna səbəb başqalarının yanında ayıb olmasın deyə,  istəmədikləri ixtisaslarda təhsil almalarıdır. Peşə təhsilində belə vaxt itirməmək üçün bu müəssisələr bacarığı yoxlamalı və qabiliyyəti dəyərləndirərək diplom verməlidirlər. Peşə təhsilinin səviyyəsini artırmaq üçün insanları bura cəlb etmək lazımdır.  

- Kamran müəllim, müasir əmək bazarının tələblərinə cavab vermək üçün abituryentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər?

-  Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin çoxunun tək bir istəyi var, təki çöldə qalmayım.. Heç kim 4 ildən sonranı düşünmür. Bu ərəfələrdə abituriyentlər diqqətli olmalıdırlar. Bu il xüsusəndə II ixtisas qrupu üzrə vəziyyət biraz gərgin olacaq. İxtisas seçimi edərkən düşünməlidirlər ki,  hansı ixtisas onlara lazım olacaq. İkinci qrup üzrə marketinq ,menecment, biznesin idarə edilməsi, statistika kimi ixtisaslar heç kimə lazım deyil. Gələcəkdə bu ixtisasda elə də uğurlu olmaq mümkün olmayacaq. Və yaxud III ixtisas qrupu üzrə  sosial iş, müzey, arxiv işi, sənətşünaslıq kimi ixtisaslara da tələbat artıq azalır. Bu kadrlara ehtiyac ola bilər, amma bu qədər kütləvi ehtiyac yoxdur. Daha çox tövsiyəm odur ki, seçdikləri ixtisas gələcəkdə  əmək bazarının ehtiyacı olduğu ixtisaslar olsun. Daha çox texnoloji ixtisaslara yönəlsinlər.  İqtisadiyyat, müəllimlik, maliyə kimi ixtisaslar insanlar var olduğu müddətdə olacaq. Gələcəkdə əsas önəmli olacaq ixtisaslardan biri də ekologiyadır. Gələcəyin ən çətin tapılan ixtisaslarında biridir.

Abituriyentlərin diqqətli olmalı olduğu  digər məqam  budur ki, heç vaxt ballarından yüksək olan ixtisaslara qaçmasınlar, əvvəlki illərin ballarına aldanmasınlar. Və ən əsas ixtisasların plan yerlərinə diqqətlə yanaşsınlar. Bu 3 əsas amilə xüsusi diqqət yetirmələrini tövsiyyə edirəm.

- Təəssüf ki, hər il qəbul imtahanları gənclərin intiharları ilə müşayiət olunur. Bu kimi halların yaşanmaması üçün nə etmək lazımdır? 

- İntiharlarla bağlı onu deyə bilərəm ki, təəssüf ki, valideynlər övladları ilə dost deyillər. Bizim analarımız, atalarımız sosial şəbəkələrdə vaxt keçirdikləri qədər övladları ilə vaxt keçirmirlər. Əllərində telefon tutduqları qədər övladlarının əllərindən tutmurlar. Valideynlər elə düşünür ki, övladlarının ali təhsil müəssisəsinə qəbul olması onların uğurlu kadr olması deməkdir. Bu gün Azərbaycanda və dünyada çox sayda kadr var ki, ali təhsili olmadan böyük uğurlar əldə ediblər. Uşagı qoyurlar hazırlıq kursuna,  amma bir dəfə maraqlanmırlar ki, mənim uşağım necədi, nəyi öyrənə bilir? Bəlkə ixtisasını dəyişək? Sonda da gəlib deyir ki, mən sənə pul tökmüşdüm. Mən valideynlərə demək istəyirəm ki, nəzarət etsinlər, amma nəticəyə görə hər hansı basqı, təzyiq göstərməsinlər. Siz bir imtahan nəticəsini itirə bilərsiniz, onun bərpası mümkündür. Amma övladınızı itirsəniz,  onu bir də geri qaytarmaq mümkün olmayacaq. Valideynlər bu dövr ərəfəsində övladlarına maksimum dəstək durmalıdırlar. Sizin üçün ən dəyərli varlıq övladınızındır. Bu ərəfəd valideynlərin sözü bu olmalıdır- "Nəticədən asılı olmayaraq, həmişə sənin yanındayam". İnanın ki, bu onların nəticələrinə daha müsbət təsir edəcək. 

Lamiyə Xəqani

FOTOLAR Səid İsaoğlu

SİTAT.İNFO

 



Xəbər xətti