Rusiya müharibənin bitməsi üçün şərtini AÇIQLADI

23:38 19 Fevral 2025

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın NATO-ya üzvlüyünün qəbuledilməz olduğunu vurğulayaraq bunun Avropa üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini bildirib.

Milli.Az xəbər verir ki, Moskvada keçirdiyi mətbuat konfransında Zaxarova münaqişənin sona çatması üçün Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılmalı olduğunu deyib.

Zaxarova qeyd edib ki, Ukrayna böhranının əsas səbəbləri tamamilə aradan qaldırılmadan problemin uzunmüddətli həlli mümkün deyil. Əks halda, münaqişələr yenidən başlaya bilər və bu, Rusiya üçün qəbuledilməzdir.

Ukraynanın NATO-ya üzvlüyü məsələsinə toxunan Zaxarova bu addımın Rusiyanın təhlükəsizliyinə ciddi təhdid yaradacağını bildirib:
"Bu, təkcə bizim üçün deyil, bütün Avropa üçün fəlakətli nəticələrə səbəb ola bilər."

Zaxarova Avropa İttifaqının Ukraynadakı münaqişənin həllində hərbi yanaşmanı seçdiyini və diplomatik yolları nəzərə almadığını iddia edib. O, həmçinin Avropanın Kiyevə dəstəyinin nəticəsiz qalmayacağını vurğulayıb.

Rusiya rəsmisi Çin və digər ölkələrin Ukrayna münaqişəsinin həllinə dair irəli sürdüyü təklifləri yüksək qiymətləndirdiklərini də əlavə edib.



Xəbər xətti