Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiya ordusunun Ukraynada raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlarda 12 nəfərin öldüyünü, 60-dan çox insanın isə yaralandığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Klimenko Telegram hesabındakı paylaşımında rusların bu gecə ölkəsinə raket və PUA ilə hücum etdiyini xatırladıb.
O, Rusiyanın 13 bölgədə hücumlara başladığını qeyd edib: "Mülki vətəndaşların evləri hədəfə alındı. 80-dən çox yaşayış məntəqəsinə ziyan dəydi".
Klimenko hücumlarda 3-ü uşaq olmaqla 12 nəfərin öldüyünü, 60-dan çox adamın isə yaralandığını bildirib.
Ukraynanın daxili işlər naziri Klimenko qeyd edib ki, ölkənin müxtəlif bölgələrində axtarış-xilasetmə işləri davam edir.
Telegram hesablarından gələn görüntülərdə Kiyevdə bir çox insanın təhlükəsizlik səbəbiylə metro stansiyalarında saatlarla gözləməsi, PUA-nın Kiyevdə sığınacağın girişinə çırpılaraq partlaması diqqət çəkib.
Ukrayna prezidenti Vladimir Zelenski verdiyi yazılı açıqlamada Rusiya ordusunun ölkəsinə təxminən 70 raket və 300-ə yaxın PUA ilə hücum etdiyini açıqlayıb.
"Amerikanın səssizliyi, dünyada başqalarının səssizliyi yalnız Putini cəsarətləndirir", - deyən Zelenski müttəfiq ölkələri Rusiyaya təzyiq göstərməyə çağırıb.
Aytac,
Sitat.info