Bloomberg: Lavrovun açıqlamaları Rusiya-ABŞ danışıqlarını pozdu

12:02 22 Avqust 2025

“Bloomberg”in avropalı rəsmiyə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair tənqidi açıqlamaları Moskva ilə Vaşinqton arasındakı danışıqları faktiki olaraq dayandırıb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Lavrov bu zəmanətlərin “Rusiyanı təcrid etmək məntiqinə əsaslandığını” və Moskva tərəfindən “tamamilə rədd ediləcəyini” bildirib.

Mənbə qeyd edir ki, Kremlin məqsədi indi danışıqlar səviyyəsini prezidentlərdən aşağıya salmaq və ABŞ sanksiyalarından yayınmaqdır.

Avropalı diplomatlar Lavrovun bəyanatlarını prosesin ləngidilməsi və Putinin razılaşmaya hazır olmaması kimi qiymətləndirir.

Lavrov, Alyaska sammitindən sonra Avropa ölkələrinin Vaşinqtonda “Rusiyanı təcrid etmək” yönümlü təhlükəsizlik zəmanətləri təşəbbüslərini sərt tənqid edib. O, 2022-ci ilin İstanbul danışıqlarını xatırladaraq, kollektiv təhlükəsizlik zəmanətləri prinsipinin hələ də aktual olduğunu vurğulayıb.

Qeyd edək ki, təhlükəsizlik təminatları, Trampın 18 avqustda Zelenski və Avropa liderləri ilə Ağ Evdə keçirdiyi görüşdə əsas müzakirə mövzusu olub. Tramp bu zəmanətlərin ABŞ-la koordinasiyalı şəkildə Avropa ölkələri tərəfindən veriləcəyini desə də, Amerikanın konkret rolu hələ bəlli deyil. Fransa və Britaniya qoşun yerləşdirməyə hazır olduqlarını bildirsələr də, bu məsələdə Avropa daxilində yekdillik yoxdur.

Moskva isə xarici qoşunların Ukraynada yerləşdirilməsini “tamamilə qəbuledilməz” hesab edir.



Xəbər xətti