"Ölkədə yoluxma sayı 7 mini keçdi və əslində bu gözlənilən idi. Omikron yoluxucu ştam olduğuna görə, onun epidemioloji vəziyyəti bu cür kəskinləşdirəcəyi gözlənilən idi".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında professor, tibb elmləri doktoru Adil Qeybulla deyib.
Onun sözlərinə görə, qonşu Gürcüstanda yoluxma sayının sutkada 15 min nəfərə qalxdığı günlər oldu: "Amma artıq dünya təcrübəsi var. Bu təcrübə göstərir ki, omikrondan ölüm və ağırlaşma halları demək olar ki, az hallarda olur.
Mən ciddi qapanmalara getməyə ehtiyac görmürəm. Həmin ciddi qapanmalarla proses həll olunmayacaq".
Professorun sözlərinə görə, qapalı mühitdə insanların karantin davranışlarını gözləməsi ciddi önəm kəsb edir: "Bunu unutmaq olmaz. Amma kəskin qapanma tədbirlərionə, karantin qaydalarının ciddi şəkildə sərtləşdirilməsinə hələ ki, ehtiyac duyulmur.
Epidemioloji vəziyyət kəskinləşərsə, müəyyən qədər məhdudiyyətlər gətirilə bilər. Kütləvi tədbirlər, toylar, yas mərasimləri kimi yerlərdə insanların limitli sayda iştirakı , iştirak edən şəxslərin temperaturunun yoxlanması, onların vaksin olunması kimi şərtlər qoyula bilər. Amma kütləvi qapanmalara, SMS icazə sisteminə lüzum görmürəm".