Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesi davam edir. Bu danışıqlar nəticəsində sərhədlərin müəyyənləşməsi, nəqliyyat dəhlizlərinin açılması və sair məsələlər həllini tapacaq. Ancaq danışıqlarda konkret nəticənin əldə edilməsi uzun zaman alacaq. Bu müddətdə Rusiya sülhməramlıları Qarabağda işini davam etdirir. Eyni zamanda onların nəzarəti altında olan ərazilərdə yaradılan qondarma respublika da kök salmaqdadır. Qanunsuz silahlı birləşmələrin mövcudluğuna son verilməsi isə hələ ki, danışıqlarda gündəmə gətirilmir. Bəs bütün bunların həllini tapması üçün Azərbaycan hansı təsir vasitələrindən istifadə etməlidir?
Məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda Ermənistan və Azərbaycan arasında danışıqlarda müəyyən irəliləyişlərin əldə olunduğu hiss olunur: "Biz hələ konkret nəticələrdən çox uzağıq. Ermənistan, daxildə baş verən etiraz aksiyalarının fonunda bu məsələdə çox da həvəsli görünmür. Halbuki zaman-zaman müsbət bəyanatlar səslənirdirirlər. Ardınca isə bu bəyanatların əksini nümayiş etdirən açıqlamalarını müşahidə edirik. İstənilən halda Azərbaycan bu prosesdə özünün hərbi, siyasi, diplomatik üstünlüyündən istifadə edərək təzyiqlərini artırmaqdadır".
Ədalət Verdiyev həmçinin bildib ki, rus sülhməramlılarının ikinci beşillikdə fəaliyyət göstərəcəyi gözlənilmir: "Rusiyanın bu ərazilərdən ikinci 5 il müddətində qalması real görünmür. Çünki birinci müddət ərzində sülhməramlılar üzərlərinə düşən funksiyaları tam yerinə yetirə bilmədilər. Birgə bəyanatın sərtlərini ayrı-ayrıldıqda hər birini analiz etsək görərik ki, nə erməni silahlıları ərazidən çıxarılıb, nə ermənilərin silah-sursatı ərazidən uzaqlaşdırılıb, nə də Azərbaycanın Naxçıvanla fəaliyyətini təmin edəcək dəhlizin açılması ilə bağlı müsbət addım atılmayıb.
Ən fəlakətlisi isə budur ki, Qarabağda yaşayan ermənilərin Xankəndinə köçürülməsi, bəyanatın imzalandığı ilk gündən həyata keçirilsə də bugünədək bir nəfər belə olsa Azərbaycan vətəndaşı öz doğma yurd yuvalarına qaytarılmayıb. Odur ki, belə halda Rusiya sülhməramlılarının fəaliyyətini davam etdirilməsi sonraki müddətdə real görünmür".
Ekspert qeyd etdi ki, sülhməramlılar Qarabağdan getdikdən sonra erməni silahlıları da anındaca ərazini tərk edəcəklər: "Alternativ yolun çəkilməsindən sonra Xankəndinə növbəti nəfəsliyin verilməsi məsələsinə gəldikdə isə, bu yol Azərbaycan ərazisində olduğu üçün və rus sülhməramlıları fəaliyyətini bitirdikdən sonra həm Laçın dəhlizi və ona alternativ yol, həm də digər ərazilərin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyini nəzərə alsaq, bu bizim üçün elə də ciddi problemlər vəd etmir. Tam əksinə, bu yollar Azərbaycan vətəndaşlarının da istifdə edəcəyi bir infrastruktur layihəsidir. Bizim üçün də faydalı olacaq. Hər bir halda rus sülhməramlıları bu ərazidən çəkildikdən sonra erməni silahları da Qarabağı anındaca tərk edəcəklər. Çünki Qarabağda qalan ermənilərin təhlükəsizliyinin zəmanəti sülhməramlılardan aslıdır".
Lamiyə Xəqani
SİTAT.İNFO