Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir

14:47 15 Yanvar 2026

ABŞ-da yaşayan və Buffalo Universitetində çalışan azərbaycanlı alim Şövqi Hüseynov səhv yol seçimi nəticəsində immiqrasiya orqanları tərəfindən saxlanılıb və hazırda İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında tutulur.

Modern.az-ın məlumatına görə, Ş.Hüseynov yanvarın 7-də avtomobillə hərəkət edərkən səhvən Kanadaya aparan Sülh körpüsünə daxil olub. Daha sonra Buffaloya qayıtsa da, ABŞ sərhəd agentləri tərəfindən saxlanılıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin sözçüsü bildirib ki, agentlər Hüseynovun ABŞ-dan deportasiya oluna biləcəyini müəyyən ediblər və onu İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə təhvil veriblər.

Saxlanmanın konkret hüquqi əsasları isə açıqlanmayıb.

Buffalo Universitetinin sözçüsü Con Della Kontradanın verdiyi məlumata görə, Şövqi Hüseynov 2022-ci ildən etibarən ABŞ Daxili Təhlükəsizlik Departamenti tərəfindən təsdiqlənmiş iş icazəsi əsasında Ceykobs Tibb və Biotibbi Elmlər Məktəbində tədqiqatçı kimi fəaliyyət göstərir.

ICE sözçüsü isə Hüseynovun ölkəyə universitet tələbələri və tədqiqatçılar üçün nəzərdə tutulan J-1 vizası ilə daxil olduğunu, hazırda isə onun başqa viza və ya hüquqi status üçün müraciətinin baxılma mərhələsində olduğunu bildirib. Bununla yanaşı, ICE Hüseynovun “hazırda etibarlı hüquqi statusa malik olmadığını” iddia edib və deportasiya prosesinin başladıldığını açıqlayıb.

Qeyd edək ki, Ş.Hüseynovun heç bir cinayət keçmişi yoxdur və onun ABŞ-da 2029-cu ilə qədər işləməsinə imkan verən iş icazəsinin mövcud olduğu bildirilir.

Şövqi Hüseynov bu vəziyyətlə üzləşən yeganə şəxs deyil. Son bir il ərzində Buffalo ərazisində Kanadaya aparan körpülərə səhvən daxil olan ən azı beş nəfər immiqrasiya orqanları tərəfindən saxlanılıb. Lakin hüquq müdafiəçilərinin bildirdiyinə görə, bu statistika yalnız daha əvvəl deportasiya edilmiş şəxsləri əhatə edir. Hüseynov kimi səhv dönüş etdikdən sonra saxlanılan, lakin cinayət məsuliyyətinə cəlb olunmayan şəxslərin sayı daha çoxdur.

Xatırladaq ki, Ş.Hüseynov 4 ildir Jacobs Məktəbində mürəkkəb nevrologiya tədqiqatları aparırbeyin və immun sisteminin necə birlikdə işlədiyini anlamaq üçün opioid asılılığı olan siçanların beynindəki müxtəlif bioloji hadisələrə diqqət yetirir. O, həmkarları ilə birlikdə bir neçə tədqiqat məqaləsi dərc edib . 



Xəbər xətti