Trampdan ŞOK ADDIM: Makronun şəxsi SMS-lərini yaydı

11:54 20 Yanvar 2026

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makrondan aldığı şəxsi SMS yazışmalarını sosial şəbəkələrdə paylaşaraq beynəlxalq diplomatiyada qalmaqala səbəb olub.

 Sitat.info xəbər verir ki, yayılan mesajlar iki lider arasında qapalı müzakirələrin məzmununu açıq şəkildə ortaya qoyur.

Paylaşılan SMS-də Makron Trampa “mənim dostum” deyə müraciət edir və bir sıra mühüm geosiyasi məsələlərdə Vaşinqtonla eyni mövqedə olduqlarını bildirir. Fransa prezidenti mesajında Suriya məsələsində tam uzlaşma olduğunu, İranla bağlı isə “böyük nəticələr əldə etməyin mümkünlüyünü” vurğulayır.

Eyni zamanda Makron Trampın Qrenlandiya ilə bağlı addımlarını anlamadığını gizlətmir və bu məsələ ilə bağlı narahatlığını açıq ifadə edir. Mesajda Fransa lideri Davosdan sonra Parisdə G7 formatında qeyri-rəsmi görüş təşkil etməyi, bu görüşə Ukrayna, Danimarka, Suriya və Rusiya nümayəndələrinin də dəvət olunmasını təklif edir.

Makron Trampı ABŞ-a qayıtmazdan əvvəl Parisdə birgə şam yeməyinə dəvət edərək dialoqu davam etdirmək niyyətində olduğunu göstərir. Analitiklərə görə, bu mesaj Avropa liderlərinin Tramp administrasiyası ilə münasibətləri qorumaq və proseslərə təsir etmək üçün nə qədər fəal diplomatik səylər göstərdiyini açıq şəkildə nümayiş etdirir.

Sitat.info qeyd edir ki, Trampın bu yazışmaları ictimailəşdirməsi Avropa paytaxtlarında ciddi narahatlıq doğurub. Ekspertlər hesab edirlər ki, bu addım ABŞ prezidentinin həm Makrona mesaj verməsi, həm də Avropa diplomatiyasının qapalı mexanizmlərini ifşa etmək cəhdi kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, Tramp daha əvvəl də müttəfiqlərlə yazışmaları və qapalı danışıqlara dair detalları açıq müstəviyə çıxarmaqla diqqət çəkib. Son hadisə isə ABŞ–Avropa münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.
 



Xəbər xətti