Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo ilə görüşüb.
Bu barədə Sitat.info-ya QMİ-dən məlumat verilib.
Bildirilib ki, Pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada Şeyxülislam A. Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri – Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.
"Ötən il oktyabrında Roma Katolik Kilsəsinin digər dinlərlə əlaqələrinin bünövrəsini formalaşdıran Nostra Aetat sənədinin 60-cı ildönümü münasibətilə Vatikanda təntənəli yubiley tədbirində Pontifiklə ilk görüşlərini xatırladan Şeyxülislam A. Paşazadə Roma Papasının şəxsi dəvəti əsasında baş tutan budəfəki görüşün xüsusilə əlamətdar olduğunu vurğulayıb. Dəvətə görə təşəkkürünü bildirən QMİ sədri Müqəddəs Taxt-Tacla Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. İlk dəfə Papa II İohann Pavelin Azərbaycana səfərini, Bakıda katolik kilsəsinin bünövrəsinin qoyulmasının gələn il 25 illiyinin tamam olacağını xatırladan Şeyxülislam A. Paşazadə Bakıda inşa olunan və Papa II İohann Pavelin adını daşıyacaq ikinci katolik kilsəsinin açılışına Papa XIV Leonun təşrif buyurmasını arzu etdiklərini ifadə edib. Şeyxülislam A. Paşazadə qeyd etmişdir ki, gələn il – 2027-ci il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyinin, Ümummilli Lider Heydər Əliyevlə Müqəddəs İohann Pavel arasında ilk görüşün 30-cu ildönümü qeyd olunacağı ildə Roma Papasının ölkəmizə səfərinin xüsusilə əlamətdar olar. Bununla əlaqədar Şeyxülislam A.Paşazadə Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından Azərbaycana dəvət məktubunu Roma Papası XIV Leoya təqdim edib", - məlumatda qeyd olunub.