“Sərfəli kredit” elanları verirdi, saxlanıldı - Video

14:00 17 Fevral 2026

Bakıda çoxsaylı dələduzluqlar etməkdə şübhəli bilinən şəxs tutulub.

“Sitat.info” xəbər verir ki, Binəqədi RPİ-nin həyata keçirdiyi tədbirlərlə sosial şəbəkələrdə bir neçə bank olmayan kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq saxta elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən 22 yaşlı Hacızeynal Hacıyev saxlanılıb.

Bu üsulla onun çox sayda vətəndaşı aldadaraq külli miqdarda pul vəsaitini taladığı məlum olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkənlər H.Hacıyevin yaratdığı səhifələrdəki elanlara inanaraq şəxsi və bank kartı məlumatları, eləcə də müxtəlif məbləğlərdə maddi vəsaitləri qarşı tərəfə göndəriblər. Saxlanılan şəxs pulu ələ keçirdikdən sonra məsuliyyətdən yayınmaq üçün həmin hesabları bloklayıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, internet resurslarındakı “onlayn qazanc”, “asan gəlir”, “sərfəli kredit” və bu kimi adlar altında paylaşılan elanlara qarşı diqqətli olsunlar. Bunun üçün şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, belə hallarla rastlaşdıqda isə dərhal polisə məlumat verilməlidir.



Xəbər xətti