“Nüvə silahı əldə etmək niyyətində deyilik"- Məsud Pezeşkian

09:42 18 Fevral 2026

“Nüvə silahı əldə etmək niyyətində deyilik və bunu təsdiqləməyə hazırıq.”

Sitat.info xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə Cenevrədə keçirilən ikinci raund nüvə danışıqlarından sonra ölkəsinin nüvə proqramı ilə bağlı bildirib:

O, İranın Ali lideri Əli Xameneinin fətvasına və dini inanclarına əsasən nüvə silahı dalınca getmədiklərini vurğulayıb: “Heç bir halda nüvə silahı əldə etmək niyyətində deyilik və bunu təsdiqləməyə hazırıq. Lakin səhiyyə, kənd təsərrüfatı və sənaye kimi dinc sahələrdə istifadə olunan nüvə sənayesindən imtina etməyi qəbul etmirik”. 

İran–ABŞ danışıqları prosesi

2025-ci ilin iyununda İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlar və 12 gün davam edən müharibə səbəbindən dayandırılan diplomatik prosesin yenidən canlandırılmasından sonra tərəflər əvvəlcə Maskatda ilk raundu keçirib, daha sonra danışıqları Avropaya daşıyaraq Cenevrədə ikinci raundu başa çatdırıblar.

İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrə danışıqları barədə deyib: “Bundan sonra izləyəcəyimiz yol və mümkün razılaşmanın mətninə daxil ediləcək bir sıra prinsiplər üzrə ümumi razılığa gəldik. Hər iki tərəf mümkün razılaşmanın mətnləri üzərində işləmək, mətnləri qarşılıqlı şəkildə paylaşmaq və üçüncü raund danışıqlar üçün yeni tarix müəyyənləşdirmək barədə razılaşıb”.

Aytac,

Sitat.info



Xəbər xətti