İllər öncə oğurluq etdiyi binada bu dəfə fərqli mənzildən 30 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Sitat.info xəbər verir ki, Yasamal rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs mənzillərdən birinə daxil olaraq oradan 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər elə həmin binadan başqa bir mənzildən oğurluq etdiyinə görə məhkum olunmuş 27 yaşlı Emin Məmmədov müəyyən edilərək saxlanılıb. Onun taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarından birinə satdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.