Son dövrlərdə Prezidentə və ailəsinə qarşı informasiya təzyiqlərinin artdığı açıq görünür. Sosial şəbəkələrdə və müxtəlif platformalarda emosional ittihamlar səslənir, ümumi narazılıq birbaşa ali siyasi rəhbərliyə yönəlir. Halbuki məsələyə soyuq başla baxanda mənzərə fərqlidir.
İlham Əliyev tərəfindən son illərdə idarəetmədə modernləşmə, rəqəmsal inkişaf, struktur islahatları və optimallaşdırma istiqamətində ardıcıl addımlar atılıb. Məqsəd daha çevik, daha effektiv və vətəndaşa daha yaxın dövlət modelinin qurulmasıdır. Bu siyasi iradə açıq şəkildə ortaya qoyulub.
Ancaq hər bir sistemdə əsas problem qərarın qəbulunda deyil, onun icrasındadır.
Vətəndaş gündəlik olaraq Prezidentlə yox, icraedici qurumlarla təmasdadır. Əgər həmin səviyyədə laqeydlik, məsuliyyətsizlik, kobud münasibət və ya köhnə bürokratik düşüncə qalırsa, yaranan narazılıq yuxarı istiqamətlənir. Problemi yaradan öz rahatlığında qalır, hədəf isə Cənab Prezident olur.
Bu isə həm ədalətsiz, həm də təhlükəli tendensiyadır.
İslahat edən mərkəzlə dəyişmək istəməyən icra mexanizmi arasında boşluq yarandıqda dövlət və vətəndaş münasibətlərində süni gərginlik formalaşır. Konkret məmur davranışı kölgədə qalır, ümumi ittiham isə siyasi rəhbərliyə yönəlir. Bu vəziyyət informasiya hücumlarını daha da asanlaşdırır.
Digər tərəfdən reallıq da var. Minlərlə vəzifəli şəxsin daxili keyfiyyətlərinə eyni anda nəzarət etmək mümkün deyil. Hər problemi inzibati sərtliklə və ya kütləvi həbslərlə həll etmək də mümkün deyil. Bu, sistemi silkələyə və idarəetmədə daha böyük boşluq yarada bilər. Dövlət mexanizmi sabitlik üzərində qurulur və sabitliyin pozulması heç kimin marağında deyil.
Deməli çıxış yolu tədrici, ardıcıl və sistemli dəyişiklikdir.
İslahatlar yalnız struktur səviyyəsində deyil, idarəetmə mədəniyyəti səviyyəsində də dərinləşməlidir. Vəzifəli şəxslər anlamalıdır ki, onların hər kobud davranışı, hər məsuliyyətsiz qərarı təkcə bir vətəndaşı narazı salmır. Bu, bütövlükdə dövlətin nüfuzuna və Prezidentin siyasi mövqeyinə zərbə vurur.
Məmur dövlətin simasıdır. Əgər o, vətəndaşa qarşı hörmətsizdirsə, məsuliyyətsizdirsə və ya dəyişmək istəmirsə, əslində dövlətə və Prezidentə xələl gətirmiş olur.
Bu gün Cənab Prezidentə real dəstək yalnız şüarlarla yox, islahat ruhuna uyğun davranışla mümkündür. İcraedici qurumlar və onların rəhbərləri başa düşməlidirlər ki, məsuliyyət daşıyırlar və bu məsuliyyət yalnız vəzifə ilə deyil, dövlətçilik şüuru ilə ölçülür.
Əks halda problemi yaradan öz yerində qalacaq, hədəf isə yenə də zirvə olacaq. Bu isə nə dövlətə, nə də cəmiyyətə fayda verir.
Düzgün ünvan seçmək həm ədalətin, həm də sabitliyin əsas şərtidir
Rövşən Tağıyev
"KRAL" Group şirkətinin rəhbəri, tanınmış iş adamı