Ukrayna həmin planı “Avropa Beşliyi”nə təqdim etdi

19:12 20 Fevral 2026

 

Ukrayna rəhbərliyi Rusiya ilə münaqişənin uzunmüddətli fazaya keçməsinə hazırlaşaraq həm daxili, həm də beynəlxalq müstəvidə yeni müdafiə strategiyalarını işə salıb.

Sitat.info “The Wall Street Journal”a istinadən xəbər verir ki, Ukrayna NATO-nun dəstəyinə ehtiyacı olan “Avropa Beşliyi” ölkələrinə (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa) yeni müdafiə planını təqdim edib.

NATO Baş katibinin müavini Radmila Şekerinska Ukrayna Müdafiə Nazirliyinin çox aydın və sistemli bir plana sahib olduğunu və Alyansın vəzifəsinin bu səyləri dəstəkləmək olduğunu bildirib.

Nəşr yazır ki, eyni zamanda, Qərb mediasında Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin daha üç il müddətinə idarə olunması üçün xüsusi plan hazırlatdığı barədə məlumatlar yayılıb. “The Wall Street Journal”ın jurnalisti Boyan Pançevskinin iddiasına görə, Münxen Təhlükəsizlik Konfransından sonra verilən həmin tapşırıq müttəfiqlər arasında ciddi rezonans doğurub. Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko da sözügedən proqnozları dəstəkləyərək Kiyevin Rusiya ilə daha bir neçə il döyüşmək üçün kifayət qədər resurs və iradəyə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, bu plan həm də Ukraynanın yerli PUA istehsalını artırmasını və ucuz hava hücumundan müdafiə sistemlərinin yaradılmasını nəzərdə tutur. NATO rəsmiləri də Ukraynanın təhlükəsizliyinin birbaşa Alyansın sabitliyi ilə bağlı olduğunu bir daha bəyan ediblər.

 

 
 
 



Xəbər xətti