Masallıda 11 şəhid ailəsinə ev tikildi - İcra başçısı danışdı (FOTOLAR)

11:44 23 Fevral 2026

"Son illər Masallıda şəhid ailələri üçün 11 mənzil tikib təhvil vermişik". 

Bu sözləri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov  Sitat.info-ya  açıqlamasında deyib. 

O bildirib ki, bu işdə onlara iş adamları, rayonun xeyriyyəçiləri də dəstək olub: "Bildiyiniz kimi, Masallı respublikanın ən çox əhalisi olan rayonlarından biridir, əhalisi 230 min nəfərə çatır.  Həm birinci, həm də ikinci Qarabağ müharibəsi şəhidlərini nəzərə alsaq, ümumilikdə 264 nəfər şəhidimiz var. Dövlətimiz şəhid ailələrini mənzillə təmin edir. Bu şəhid ailələri arasında mənzillə təmin olunanlar və olunmayanlar da var. Öz daxili imkanlarımızla, iş adamlarının, xeyriyyəçilərin köməyi ilə onları evlə təmin etməyə çalışırıq. Bu gün tikilən iki mənzili də nəzərə alsaq, həm Köhnə Alvadıda, həm də Qudman kəndlərində ümumilikdə 11 mənzili rayonumuzun daxili imkanları hesabına tikib təhvil vermişik".

Məğrur Salmanov,

Sitat.info 




Xəbər xətti