İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.
Sitat.info Fonda istinadən xəbər verir ki, dəyişikliyə əsasən, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fondla qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olan şəxslər əsas borcalan qismində ipoteka kreditindən faydalana bilməyəcəklər.
Dəyişiklik ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın yararlanması, prosesin şəffaflığının artırılması və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.
Bununla yanaşı, ipoteka kreditlərinə müraciət zamanı “SİMA İmza”nın üztanıma texnologiyası tətbiq ediləcək. Vətəndaşlar müraciətlərini rəqəmsal imzanın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyə biləcəklər.
Fondun məlumatına görə, bu yenilik müraciətlər zamanı sui-istifadə hallarının, prosesə kənar müdaxilənin və xüsusi proqram təminatlarından istifadənin qarşısının alınmasına imkan verəcək. Müraciətlə bağlı təlimat “MyGov” portalının müvafiq bölməsində yerləşdirilib.
Qeyd edək ki, indiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Kreditlərdən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.
Dəyişikliklərlə bağlı əlavə sualı olan vətəndaşlar Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.