Sənədsiz evlərlə bağlı şad xəbər: 18 aydan sonra...

Sənədsiz evlərlə bağlı şad xəbər: 18 aydan sonra...
SOSİAL 28 Oktyabr 2026 18:29

"Evlərin sənədləşdirilməsi prosesi ilə bağlı bildirim ki, bu istiqamətdə artıq müəyyən addımlar atılır. Məlum olduğu kimi, 18 aydan sonra ölkənin əmlak reyestri və kadastr sistemi tamamilə yeni formaya keçəcək.

Rəqəmsallaşma nəticəsində müasir elektron imkanlar yaradılacaq, ölkənin dəqiq əmlak xəritəsi tərtib ediləcək və həmin xəritə kadastr sistemində öz əksini tapacaq.

Bildiyiniz kimi, kadastr coğrafi xarakter daşıyır və obyektlərin yerləşməsini müəyyən edir. Reyestr isə həmin əmlakın hüquqi statusunu, kimə məxsus olduğunu və hansı mülkiyyət hüquqlarının mövcudluğunu əks etdirən məlumatlar sistemidir.

Bu proses, təbii ki, mərhələli şəkildə həyata keçiriləcək. Hazırda bununla bağlı müzakirələr aparılır. Proses ləng getsə də, hesab edirəm ki, sonda əmlak amnistiyasının elan edilməsi və hüquqi baxımdan mülkiyyət hüququnun tanınması mümkün olan obyektlərə, evlərə və torpaqlara bu hüququn verilməsi həyata keçirilə bilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki,  sənədləşmə işlərinin mərhələli şəkildə həyata keçirilməsinə şərait yaratmaq üçün müvafiq qərarlar qəbul olunur:

"Bu, həm ölkə iqtisadiyyatı, həm vətəndaşlar, həm də ölkənin əmlak reyestrinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Proses davam edir. Artıq onun mərhələlərindən biri kimi qeyri-yaşayış sahələri ilə bağlı müəyyən addımlar atılıb. Hazırda sənədləşmə işlərinin mərhələli şəkildə həyata keçirilməsinə şərait yaratmaq üçün müvafiq qərarlar qəbul olunur.

Əmlak amnistiyasının geniş şəkildə həyata keçirilməsi məsələsi dəfələrlə gündəmə gətirilib. Hesab edirəm ki, bu prosesin uğurlu olması, ilk növbədə, sənədsiz evlərin vahid qaydada inventarlaşdırılmasından asılıdır. Bunun nəticəsində həmin evlər kadastr sistemində qeydə alına bilər. Daha sonra onların hüquqi vəziyyəti araşdırılmalı və reyestrə daxil edilməsi, eləcə də mülkiyyət hüququnun tanınmasının mümkün olub-olmaması müəyyənləşdirilməlidir.

Çünki elə evlər var ki, onlar strateji ərazilərdə, yüksək gərginlikli elektrik xətlərinin altında, kommunikasiya xətlərinin üzərində və qanunvericiliklə tikintisi qadağan olunan digər ərazilərdə inşa edilib. Belə obyektlərin kadastrda qeydə alınması mümkün olsa belə, onların hüquqi baxımdan rəsmiləşdirilməsi və mülkiyyət sənədi alması qanunvericiliyin tələblərinə uyğun olmaya bilər".

Aytac,

Sitat.info