Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) iddia edib ki, Paris və London Kiyevə nüvə silahı təqdim etmək imkanlarını nəzərdən keçirir.
Sitat.info xəbər verir ki, SVR-in yaydığı məlumata görə, Britaniya və Fransa elitaları Ukraynanın məğlubiyyəti ilə barışmaq istəmir və Kiyevi “vunderwaffe” adlandırılan silahla təmin etməyi məqsədəuyğun sayır. Bildirilir ki, Ukraynanın atom və ya “çirkli bomba”ya sahib olması ona müharibənin yekununda daha əlverişli şərtlər qazandıra bilər.
İddialara əsasən, tərəflər silahın özü ilə yanaşı, onun daşıyıcı vasitələrinin təmin olunması üzərində də işləyirlər. Həmçinin Avropa avadanlıqları və texnologiyalarının gizli şəkildə Ukraynaya ötürülməsi variantı nəzərdən keçirilir. Alternativlərdən biri kimi Fransanın M51.1 sualtı qayıq ballistik raketi üçün nəzərdə tutulmuş TN75 tipli kiçik ölçülü döyüş başlığı göstərilir.
Məlumatda qeyd olunur ki, Berlin bu təşəbbüsdə iştirakdan imtina edib. SVR həmçinin vurğulayır ki, belə addım Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin pozulması və qlobal təhlükəsizlik sisteminin zəifləməsi riskini yarada bilər. Buna görə də, iddiaya görə, mümkün silahlanmanın Ukraynanın öz istehsalı kimi təqdim olunmasına çalışılır.
Nigar,
Sitat.info