SON DƏQİQƏ! SEPAH quru qoşunlarını İraq sərhədinə yığdı

12:21 4 Mart 2026

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dünən açıqlama yayaraq quru qoşunlarının İran–İraq sərhədi boyunca gedən əməliyyatlara cəlb olunduğunu bildirib.

Sitat.info xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat verib.

Məlumata görə, sözügedən ərazidə onilliklərdir İran ordusuna qarşı mübarizə aparan kürd silahlı qrupları fəaliyyət göstərir.

Bu addım bir neçə baxımdan diqqət çəkir. İndiyədək qarşıdurmada əsasən SEPAH-ın hava qüvvələri iştirak edib, raket zərbələri və digər hava əməliyyatları həyata keçirilib. Lakin hazırda quru qoşunlarının sərhədin qorunmasına cəlb olunması Tehran rəhbərliyinin mümkün təhlükə ssenarilərindən narahat olduğunu göstərir.

Müşahidəçilərə görə, İran hakimiyyəti ehtimal edir ki, ölkənin hərbi imkanları, xüsusilə hava qüvvələri zəiflədiyi təqdirdə, ABŞ sərhəd bölgələrində sabitliyi poza və etnik-dini azlıqları daxili üsyana təşviq edə bilər. Belə bir ssenari baş verərsə və İranın hava gücü zəifləsə, ölkə daxilində mümkün qiyamları yatırmaq xeyli çətinləşə bilər.

Hazırda Tehran üçün əsas təhlükə kimi sərhəd bölgəsindəki kürd silahlı dəstələri göstərilir.

Əl-Cəzirə yazır ki, hazırda, bəluclar, ərəblər və ehtimal olaraq azərbaycanlı icmalar da potensial risk qrupları sırasında qeyd olunur. Analitiklər bunu İran üçün “ən pis ssenari” adlandırırlar.

Eyni zamanda, bölgədə ABŞ rəsmiləri ilə kürd liderlər arasında mümkün təmaslara dair məlumatların yayıldığı bildirilir. Bu səbəbdən İran tərəfi sərhədlərdə sabitliyin pozulmasının, eləcə də etnik və dini azlıqların silahlandırılması və mümkün üsyan cəhdlərinin qarşısını almaq üçün əlavə tədbirlər gördüyünü vurğulayır.

Aytac,

Sitat.info 



Xəbər xətti