ABŞ-nin müharibə xərcləri - Şok rəqəmlər

14:27 4 Mart 2026

Yaxın Şərqdə başlayan hərbi əməliyyatlar ABŞ büdcəsinə ilk gündən ciddi maliyyə yükü yaradıb. "Anadolu" agentliyinin hesablamalarına görə, ABŞ Silahlı Qüvvələri döyüş əməliyyatlarının ilk 24 saatı ərzində təxminən 779 milyon dollar vəsait sərf edib. Bu məbləğ 2026-cı il üzrə ABŞ-nin ümumi hərbi büdcəsinin təxminən 0,1 faizinə bərabərdir.

Sitat.info Sfera.az-a istinadən xəbər verir ki, ən böyük xərc “Tomahawk” qanadlı raketlərinin buraxılışı olub.

Bu istiqamətdə təxminən 340,4 milyon dollar xərclənib. İkinci yerdə qırıcı təyyarələrin döyüş uçuşları dayanır – bu əməliyyatlara 271,3 milyon dollar sərf edilib.

Üçüncü ən böyük xərc maddəsi isə HIMARS reaktiv yaylım atəş sistemi, kəşfiyyat məlumatlarının toplanması və maddi-texniki təminatla bağlı olub. Bu istiqamətlər üzrə ümumilikdə 122,2 milyon dollar vəsait xərcləndiyi bildirilib. Strateji B-2 bombardmançıları ilə həyata keçirilən zərbələrin dəyəri isə təxminən 30,2 milyon dollar təşkil edib.

Ekspertlər hesab edirlər ki, əməliyyatların uzanması ABŞ üçün daha ciddi iqtisadi risklər yarada bilər. “Financial Times” nəşrinin məlumatına görə, enerji qiymətlərinin artması ABŞ iqtisadiyyatının artım tempinə mənfi təsir göstərə bilər. “Barclays” bankının qlobal araşdırmalar şöbəsinin rəhbəri bildirib ki, "Brent" markalı neftin qiymətinin hər 10 dollar artması ABŞ ÜDM artımını növbəti 12 ayda 0,1-0,2 faiz bəndi azalda bilər.

 

 

Beləliklə, ilk 24 saatda 779 milyon dollarlıq xərc münaqişənin maliyyə ölçüsünün yalnız başlanğıcı kimi qiymətləndirilib. Əməliyyatların davam edəcəyi təqdirdə bu rəqəmin sürətlə artacağı istisna edilmir.



Xəbər xətti