ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Yaxın Şərqdə enerji bazarını ciddi şəkildə sarsıdıb. Müharibənin genişlənməsi ilə neft və qaz qiymətləri qısa müddətdə kəskin şəkildə yüksələrək qlobal iqtisadiyyat üçün yeni risklər yaradıb. Xüsusilə enerji idxalından asılı olan böyük iqtisadiyyatlar bu prosesdən daha çox zərər görür. Bu ölkələrin başında isə dünyanın ikinci böyük iqtisadi gücü olan Çin dayanır. Enerji təhlükəsizliyi Pekin üçün strateji məsələ olduğundan regiondakı hərbi gərginlik onun iqtisadi planlarını çətinləşdirir. Məhz buna görə də Çin müharibənin dayandırılması və enerji marşrutlarının açıq saxlanılması üçün diplomatik səylərini artırmağa çalışır.
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, ABŞ və İsrailin İrana qarşı müharibəni davam etdirməsi neft və qazın qiymətlərini astronomik səviyyəyə çatdırıb və bu hələ başlanğıcdır: "Bu vəziyyətdən ən çox əziyyət çəkən ölkələrin başında Çin gəlir. Bu ölkənin iqtisadiyyatı enerji resurslarının davamlı və sabit şəkildə idxalından asılıdır. Çin Venesueladan və İrandan ucuz neft alırdı. İndi bu mümkün deyil. İranın Hörmüz boğazını bağlaması və atəş altında saxlaması Çinin ərəb ölkələrindən neft almasını da çətinləşdirib. Çin Hörmüz boğazından keçən bütün neftin 38%-ni alırdı.
Pekin müharibə başlayandan bu yana tərəflərə bir neçə dəfə mesaj göndərib. Birinci dəfə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin açıqlama verərək, Hörmüz boğazı və ona bitişik suların malların və enerji daşıyıcılarının nəqli üçün mühüm beynəlxalq ticarət yolları olduğunu və bununla əlaqədar Çinin müvafiq tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırdı. Çinli diplomat ölkəsinin Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması üçün sülhün təşviqi və müharibələrin qarşısının alınması, həmçinin problemin dialoq və danışıqlar yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazır olduğunu xatırlatdı. Pekinin bu çağırışı cavabsız qaldı".
Politoloq hesab edir ki, indiki məqamda İran da müttəfiqini eşitməyəcək: "Pekin ikinci dəfə birbaşa Tehrana müraciət etdi. Çin hakimiyyəti enerjidaşıyıcılarının təhlükəsizliyini təmin etmək məqsədilə İrana müraciət edərək Hörmüz boğazının açıq saxlanılmasını və neft-qaz nəqliyyatına qarşı hücumlardan qaçınılmasını tələb etdi. Pekin körfəzi ölkələrindən, xüsusilə Qətərdən gələn enerji tədarükündən böyük dərəcədə asılı olduğu üçün Tehranı gərginliyi artırmamağa çağırdı. Pekinin çağırışında qlobal və Çin bazarları üçün həyati əhəmiyyət kəsb edən enerji marşrutlarına zərbə vurulmaması qeyd edildi. Ancaq Tehran bu çağırışa da reaksiya vermədi. Çin İranın strateji tərəfdaşı olmasına baxmayaraq, Hörmüz boğazından keçməyə çalışan tankerləri hədəf almaqdan imtina etmək istəmir. İran hazırda öz neftini sata bilmədiyinə görə Körfəz ölkələrinin də qaz və neft nəqlinə mane olmaq siyasətinə üstünlük verir".
Nigar,
Sitat.info