Ötən gün Azərbaycan mediasında və sosial şəbəkələrdə "Tulçinka" yağı ilə əlaqədar yayılmış video geniş rezonans doğurdu. İctimaiyyət arasında yaranan narahatlığı nəzərə alıb həmin yağı Azərbaycana idxal edən rəsmi distributor olan “FOODİNİ” şirkəti ilə əlaqə saxladıq.
Şirkətdən bildirildi ki, həmin video saxtadır və Rusiyadan Azərbaycana idxal olunan Tulçinka yağı ilə heç bir əlaqəsi yoxdur:
"Şirkət rəsmiləri bildirdilər ki, yayılan videogörüntülər təəssüf doğurur və şirkətin işgüzar nüfuzuna təsir edir. Tulçinka yağı ölkəyə xaricdən idxal edilir, şirkətin Azərbaycanda istehsal sahəsi yoxdur, satış elə istehsalçı şirkətin göndərdiyi kimi, həmin qablaşdırmada həyata keçirilir. İdxal olunan yağ məhsullarının hər bir partiyası Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarında yoxlandıqdan sonra ölkədə satışına rəsmi icazə verilir. Tulçinka yağı Rusiya Federasiyasının Belqorod şəhərində yerləşən “Tulçunka.ru” Məhdud Məsuliyyətli Cəmiyyətinin brend məhsuludur. Məhsul bitki tərkibli spred yağıdır. Üzərində məhsulun tərkibi barədə məlumatlar qanunun tələbinə uyğun olaraq azərbaycan dilində yazılıb, istehsalçı şirkət və distributor barədə məlumatlar qeyd edilib. “Yayılan video nəticəsində böyük bir təbəqə alıcılar bizim satdığımız məhsul barədə səhv məlumatlandırılmışdır. Videonun saxfa olması məzmunundan da açıq görünür - yağ Ukrayna deyil, Rusiya istehsalıdır və videoda Ukrayna milli valyutası qrivna ilə qiyməti qeyd edilib. İstisna deyil ki, videonun əsas hissəsi Ukrayna ilə Rusiya arasında olan müharibədə Rusiya iqtisadiyyatına zərər vurmaq üçün hazırlanıb. Video görüntünün sonuna Tulçinka yağının Azərbaycan ticarət müəssisələrində çəkilmiş şəkli isə qəsdən əlavə edilmiş və məhz bizim şirkətimizin işgüzar nüfuzuna təsir etmək məqsədi güdür. Şirkət əmin edir ki, “Tulçinka” bitki tərkibli spred yağının keyfiyyəti ilə əlaqədar hər hansı şübhəyə əsas yoxdur".
Məğrur,
Sitat.info