Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb

20:01 19 Mart 2026

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib.
 
Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
 
Fərmanla Azərbaycanın dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib.
 
Həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri, dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri, eyni zamanda dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilib.
 
Bu Fərmanın 3-cü və 4-cü hissələri ilə müəyyən edilmiş birinci – üçüncü ödəniş səviyyələri üzrə inzibati vəzifələrin və dördüncü – on birinci ödəniş səviyyələri üzrə Azərbaycan Prezident Administrasiyasında inzibati vəzifələr üzrə baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) qulluq şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla, 10 % yüksək məbləğdə müəyyən edilib.
 
Müəyyən edilib ki, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələrində göstərilməyən və Azərbaycan Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmayan, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında dövlət qulluğu vəzifələri üzrə əməyin ödəniş səviyyələri, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, həmin vəzifələrin aid olduğu dövlət orqanlarının rəhbərləri tərəfindən analoji ödəniş səviyyələrinə uyğunlaşdırılır.
 
Maliyyə Nazirliyi Fərmanda nəzərdə tutulan əməkhaqlarının ödənilməsini 2026-cı il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də dövlət orqanlarının saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının "Əməkhaqqı" köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirəcək.
 
Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.



Xəbər xətti