İrandan Britaniyaya sərt - Xəbərdarlıq

17:42 20 Mart 2026

İran Böyük Britaniyaya ABŞ-yə hərbi baza təmin etməsi ilə bağlı sərt şəkildə xəbərdarlıq edib.

Sitat.info-nun xəbərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi britaniyalı həmkarı İvet Kuperlə telefon danışığında bildirib ki, ABŞ-yə baza verilməsi Tehrana qarşı hücumda birbaşa iştirak kimi qiymətləndiriləcək.

Söhbət zamanı Əraqçi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını kəskin tənqid edib. O qeyd edib ki, ölkəsi danışıqlar prosesi davam etdiyi halda hücuma məruz qalıb və bu addımlar beynəlxalq hüququn pozulmasıdır.

Nazir bildirib ki, hücumlar nəticəsində İranın yüksəkvəzifəli şəxsləri ilə yanaşı, çox sayda mülki şəxs, o cümlədən, məktəblilər həyatını itirib.

Əraqçi həmçinin vurğulayıb ki, İran Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malikdir. Onun sözlərinə görə, bəzi ölkələrdə yerləşən ABŞ hərbi bazalarından İrana qarşı zərbələr endirilir.

İranlı nazir Böyük Britaniyanın bu prosesdə iştirakını tənqid edib:

“Bu cür addımlar açıq təcavüzdə iştirak kimi qiymətləndiriləcək və iki ölkə münasibətlərinə təsir göstərəcək. Biz suverenliyimizi və müstəqilliyimizi müdafiə etmək hüququnu özümüzdə saxlayırıq”.

Əraqçi regionda sabitliyin yalnız hücumların dayandırılması ilə mümkün olacağını qeyd edib, Britaniya rəsmilərini ABŞ və İsraillə hərbi, eləcə də, media əməkdaşlığından çəkinməyə çağırıb.



Xəbər xətti