Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəmil Əhmədov adına Cəbrayıl Şəhər tam orta məktəbində Qaracallı kəndindən olan şəhid hərbi həkim Allahverdili Hikmət Əsəd oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Sitat.info xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin müəllimi Mina Fətəliyeva açıb. O, tədbir iştirakçılarına şəhidin həyat yolu haqqında məlumat verib. Daha sonra Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fəridə İbayeva çıxış edərək Hikmət Allahverdilinin həmin dövrdə beş hərbi həkimdən biri olduğunu bildirib: “Baş leylenant, hərbi həkim Hikmət Allahverdili göstərdiyi igidliklə ailəsinin başını uca edib. O, ölümü ilə ölümsüzləşmiş igidlərimizdəndir. Vətən uğrunda canından keçən igidlərimizi hər zaman xalqımız və dövlətimiz yüksək qiymətləndirib”.
Daha sonra şəhidin döyüş yoldaşı Nizami Əhmədov xatirələrini bölüşüb: “O sadəcə bir həkim kimi yaralarımızı sağaltmır, bizimlə çiyin-çiyinə döyüşürdü. Hikmət deyəndə ağlıma yalnız igdlik, qəhrəmanlıq sözləri gəlir. Onun xatirəsi əbədi olaraq mənimlədir. Onun adını yaşatmaq üçün oğluma Hikmət adını vermişəm”.
Şəhidin qardaşı Qənimət Səfərov Hikmətin sanki şəhid olmaq üçün doğulduğunu bildirib.
Şəhidin bacısı, C.Əhmədov adına məktəbin ibtidai sinif müəllimi Kifayət Allahverdiyeva qardaşının vətənpərvərlik keyfiyyətlərindən danışıb və tədbir təşkilatçılarına təşəkkür edib.
Tədbirdə millət vəkili Ceyhun Məmmədovun köməkçisi Rəşad Quliyev, publisist Ramilə Qurbanlı, məktəbin direktoru Sirac Sadıqov, şəhidin ailə üzvləri, dostları çıxış ediblər. Sonda məktəb şagirdləri şəhidin həyatından hazırladıqları səhnəcikləri təqdim ediblər.
Həmin tədbirin geniş videosunu təqdim edirik:
Sitat.info